Ədviyyat qoxuları altında 5 manata "fal"a baxan professor – FOTOREPORTAJ
Artıq bir neçə ildir ki, Bakıda "Hindistan Sərgisi” təşkil olunur. Martın 13-dən açılan sərginin son gününə özümüzü çatdıra bildik.
Yolboyu sərgi ilə bağlı beynimizdə müxtəlif fikirlər yaranmışdı. Lakin sərgi salonundakı ab-hava, məhsulların təqdimatı, dekorasiya bizə xəyal qırıqlığı yaşatdı.
Satıcıların yalnız ikisi hindistanlı idi. Digərləri yerli vətəndaşlar idilər. Qiymətlər demək olar ki, 3 manatdan başlayırdı. Bir çox məhsul 5 manata təqdim olunurdu. Satıcılar öncəki günlərdə qiymətlərin daha yüksək olduğunu deyirdilər:
"Son gün olduğu üçün qiymətlərdə qat-qat endirim etmişik".
Buna baxmayaraq, alıcı kütləsi kifayət qədər aşağı idi. Böyük əksəriyyət sadəcə olaraq, Hindistan mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün gəlmişdi. Ancaq sərgidəki məhsulların çoxu ucuz bazarlarda satılanlara bənzəyirdi. Yəni, şəhərimizdəki bazarların çoxunda bu cür məhsullar tapmaq mümkündür. Təkcə ədviyyatlar və qoxulu çubuqlar əsl Hindistan məhsulu təəssüratı yaradırdı. Satıcıların sözlərinə görə, elə ən çox alınan da bu ədviyyatlardır.
Sərginin təqdimatı çox zəif idi. Geyimlərin bəziləri əzik-üzük bir vəziyyətdə, necə gəldi asılmış, sarilər səliqəsizcəsinə düzülmüşdü. Əksər geyimlərin üstündə isə demək olar ki, yarlıq yox idi. Bu isə geyimlərin ikinci əl malları olduğunu düşünməyə əsas verir.
Sərgidə Hindistan ətirləri, bijuteriyaları, geyimləri, ayaqqabıları, bəzi qida məhsulları da nümayiş olunurdu. Ürəyimiz sıxılmış halda sərgidən ayrılmaq istəyirdik ki, divardan asılmış böyük afişanı gördük. Afişada Paraşara elminin öz ölkəsində görkəmli nümayəndələrindən hesab edilən Quru Ji Bharatın da sərgidə olacağı yazılmışdı. Bharatın əyləşdiyi stendi axtarmağımıza ehtiyac qalmadı. Çünki bir neçə xanım 5 manata "fal"a baxdırmaq üçün növbəyə düzülmüşdü. Etiraf edək ki, sərgini maraqlı edənlərdən biri elə Quru Ji Bharat idi. O, 1991-ci ildən bu işlə məşğul olduğunu dedi. Ölkələrin taleyi ilə bağlı öncəgörmələr edə bilmədiyini deyən quru bu elmin bürclər və təvəllüdə baxmaqla insanın keçmiş və gələcək həyatı haqda danışmağa əsas verdiyini bildirdi. Bu elm üzrə professor dərəcəsi alan Bharat bir çox ölkədə bu tip "fal"lara inanmadıqlarını dedi:
"Milyon ildir ki, bu elm mövcuddur. Lakin bir çox ölkədə bu elmə çox da ciddi yanaşmırlar. Bura əsasən gəzmək məqsədi ilə gəlmişəm. Məqsədim insanlara astrologiyanın nə olduğunu başa salmaqdır. Ələ baxmaq boş şeydir. Təəssüflər olsun ki, Azərbaycanda insanlar daha çox əl falına inanırlar”.
Bharatı tapmışkən biz də təqvimə əsasən həyat yolumuza nəzər salmaq istədik. Maraqlıdır ki, Bharatın dediklərinin çoxu düz çıxdı.
Sərgidən fotoları təqdim edirik:
Nigar Məhərrəm
İlknur Salamova
Sfera.az






