Sankt-Peterburqda “Yeddi gözəl” sərgisinin açılışı olub - FOTOLAR
Sankt-Peterburqda, Rus Dövlət Muzeyinin filialı olan Mərmər Sarayında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan "Yeddi gözəl” sərgisinin açılışı olub.
Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova paylaşım edib.
Ş.Məlikova qeyd edib ki, sərginin açılışı ilə bağlı keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu; Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Rus Dövlət Muzeyinin elmi işlər üzrə direktor müavini Qriqori Naumoviç Qoldovski çıxış ediblər.
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunan "Yeddi gözəl” sərgisinin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik sənəti, bədii metal, miniatür, müasir incəsənət, teatr-dekorativ sənət, deklamasiya layihəsi, klassik musiqi və rəqsin sintezindən ibarətdir.
Ş.Məlikova xatırladıb ki, Nizami poeziyası əsrlər boyu bir çox ustadın yaradıcılığına ilham verib:
"Klassikə çevrilən diqqətəlayiq əsərlərdən biri də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl” baletidir. Balet məşhur "Beşlik”in şeirlərindən biri əsasında yazılmışdır. İlk dəfə 1956-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilib.
Sərginin ekspozisiyası bu iki mənbəyə - ədəbi və musiqili-xoreoqrafiyaya- əsaslanaraq qiymətli sənətkarlıq nümunələrinin nümayişi üçün xüsusi şərait yaradır. Onun girişi məşhur Azərbaycan konseptual rəssamı Rəşad Ələkbərovun XVI əsr Təbriz miniatürü "Oxuyan gənc” əsasında "kölgələrdən boyama” üsulu ilə yaradılmış "Miniatür” instalyasiyasından ibarətdir.
Layihənin konsepsiyası vizual və səs görüntülərinin qavranılmasının vəhdətini nəzərdə tutur. Video instalyasiyalar sayəsində tamaşaçının onun qarşısında cərəyan edən aksiyada şəxsi iştirakı effekti yaradılır. Məsələn, köhnə əlyazma kitabları əks etdirən video instalyasiyalarda miniatür personajlar canlanır, onları öz sehrli dünyasına daxil olmağa dəvət edir. Bu yenidən canlanmış orta əsrlər kitabını gəzərkən, saray binalarının dəbdəbəli bəzəyi arasında tamaşaçı özünü balet məkanında tapır, o, kainatın geniş ucluqlarından yaranan ilğımlar kimi rəqs edən balerinaların əhatəsindədir”.
Sərgi Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarındakı eksponatlardan ibarətdir.
Bəhs edilən sərgi 2022-ci il mayın 9-dək davam edəcək.
Vasif
Sfera.az






