Azərbaycanda "Toyota Prius"larla baş verən qəzalar artıb - Ekspertdən XƏBƏRDARLIQ
"Toyota”nın Prius modellərinin iştirakı ilə baş verən qəzaların sayı artıb.
Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.
"Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli şəxslərindən biri ilə görüşdük. Yol hadisələri və onların başvermə səbəblərini müzakirə edərkən dedi ki, son vaxtlar "Prius”ların iştirakı ilə baş verən qəzaların sayı çoxalıb. Ümumiyyətlə, maddi zərərlə nəticələnən qəzalar xeyli artıb”, - deyə ekspert qeyd edib.
E.Muradlının sözlərinə görə, sürücülər çox vaxt qəzadan dərhal sonra, ilkin söhbət əsnasında etiraf edirlər ki, sükan arxasında fikirli olublar:
"Bəzən isə telefona başı qarışanlar qəza törədir. Bu baxımdan sükan arxasında diqqətli olmaq lazımdır. Fikirli olmaq, başı telefona qarışmaq bu gün yüngül qəzaya səbəb olursa, sabah ağır faciə ilə nəticələnə bilər”.
Ekspertin fikirlərinə haqq qazandıran bəzi sürücülər isə bildiriblər ki, bu avtomobil modelinin tormoz sistemi fərqlidir, tez sıradan çıxır və hər sürücü buna uyğunlaşa bilmir. Həmçinin "Toyota Prius" markalı avtomobillərlə taksicilik fəaliyyəti ilə məşğul olanların sayının kəskin artmasına da diqqət çəkilib. Sürücülər gün ərzində 12-16 saat sükan arxasında əyləşən və gözü telefonda olan belə taksicilərin qəza törətmək ehtimalının xeyli yüksək olduğunu vurğulayıblar.
Günay Rəsulqızı
Sfera.az






