Şuşaya qayıdışdan bəhs edən “28” qısametrajlı filmi beynəlxalq film festivalının finalında - FOTO
Türk dilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun ərsəyə gətirdiyi qısametrajlı "28” filmi də finala vəsiqə qazanıb. Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışının hekayəsini və müharibə nəticəsində aldığı uşaqlıq travmasından bəhs edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.
Atlas kinoteatrında nümayiş etdirilən "28” filmi tamaşıçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov film və Qarabağ haqqında sualları cavablandırıb. Filmin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və 1-ci Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor, qəhrəmanın uşaq vaxtı travmalar, psixoloji sarsıntılar yaşadığını söyləyib. "Bu hekayədə müharibənin insanlar və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik,” deyən Nazim Şərbətov, işğaldan azad olunan bölgələrə gedərək müharibənin yaratdığı dəhşətli izləri göstərmək istədiyini qeyd edib.
Festival çərçivəsində bir sıra müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və təcrübəli rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb. Festival konsert proqramı və mükafatların təqdim edilməsi ilə yekunlaşıb.






