Qəbirləri arasından səngər qazılan Səringül və Təyarənin bacısı danışdı - FOTOLAR
Sfera.a-ın xəbərinə görə, Səringül və Təyarənin kiçik bacısı Güluzə Qəhrəmanova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, qəbiristanlıqda iki deyil, dörd bacısı və anası yanaşı dəfn edilib:
"Atam İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedəndə ailəmizdə beş qız övladı vardı. O, müharibədə olarkən bacılarımdan dördü xəstələnərək dünyasını dəyişib və kəndimizin qəbiristanlığında yan-yana basdırılıb.
1993-cü ildə dünyasını dəyişən anamı da həmin qəbiristanlıqda dəfn etdik. Sonra kəndimiz işğal edildi, məcburi köçkün düşdük. O vaxtdan məzarları ziyarət edə bilmirik.
Bu günlərdə internetdə bacılarımın məzarlarının şəklini gördük, ürəyimiz ağrıdı. Şəkildə bacılarımın üçünün məzarı görünür. Əslində isə orada dörd bacımın məzarı olub, qəbirlərdən birini ermənilər səngər qazarkən dağıdıblar.
Artıq kəndimiz işğaldan azad edilib. Ancaq xain düşmən kəndi də, qəbiristanlığı da minaladığından hələ gedə bilməmişik. İnşallah, tezliklə kəndimizə qayıdar, doğmalarımızın məzarlarını ziyarət edərik”.






