Mahir Qurbanov Meksika televiziyasına müsahibə verdi - VİDEO
"Azərbaycan regionda güclü potensiala sahib olan ölkədir".
Sfera.az xəbər verir ki, bu haqda Meksikanın "EN UN 2X3" programında Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov bildirib.
Müsahibədə deyilir ki, burada bütövlükdə regionun təhlükəsizliyi məsələsi önəm daşıyır, çünki bütün iqtisadi maraqlar Azərbaycanın ərazisində kəsişir:
"Xəzərətrafı ölkələr içərisində ən əhəmiyyətli geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqe də məhz Azərbaycana məxsusdur. Geoiqtisadi dəyərinə görə Prezident Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu yeni neft strategiyası və transmilli enerji-nəqliyyat-kommunikasiya layihələrin həyata keçirilməsi Azərbaycanı dünyanın aparıcı dövlətləri və şirkətləri üçün cəlbedici tərəfdaşa çevirmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir".
Mahir Qurbanov eyni zamanda Qarabağla bağlı suala da cavab verdi.
O, qeyd edib ki, 1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı 7 rayonun əraziləri işğal edilmişdir. 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuşdur:
"Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olunsa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər yerinə yetirilməmişdir.
Azərbaycan artıq 30 ilə yaxın danışıqlar aparırdı, ancaq Ermənistan danışıqlar prosesinə məhəl qoymurdu.
Və 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandanın əmri əsasında əks-hücum əməliyyatına başlanıldı.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə hərbi vəziyyət və qismən səfərbərlik elan edildi".
Müsahibə zamanı Mahir Qurbanov onu da bildirib ki, düşmən 44 günün sonunda diz çökdü, Cənubi Qafqaz erməni faşizminin zülmündən qurtardı:
"Azərbaycanın dövlət sərhədləri bərpa edildi. Ermənistan isə kapitulyasiyaya getdi. Bu Ermənistan üçün yeganə çıxış yolu idi. Noyabrın 10-da isə Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin birgə bəyanatı imzalandı.
Artıq bunu da demək olar ki, Qarabağda yeni era başladı. Sülhün və sabitliyin qurulması yeni imkanlar açacaq, regionun bütün ölkələrinə xeyir gətirəcək!"
Verilişdə Azərbaycanda aparılan mühüm işlər və "Heydər Əliyev Fondunun" fəaliyyəti haqqında da bəhs olunub.
"Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin" sədri onu da bildirib ki, Heydər Əliyev Fondu və Mehriban xanımın dünya miqyasında apardığı mühüm işlər təqdirəlayiqdir:
"Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizi və məscidlərimizi bərpa etmək üçün layihələrə imza atır. Bu məsələ haqqında ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva öz "Instagram" səhifəsində paylaşım edib.
Heydər Əliyev Fondu fəaliyyətinin ilk günündən Azərbaycanda müxtəlif sahələrdə layihələr və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılmasına yönəlmiş fəaliyyəti hamıya məlumdur. Bu gün qürur hissi ilə bildirmək olar ki, Heydər Əliyev Fondu Qarabağ torpağında Azərbaycan xalqının mənəvi irsi olan dini abidələrimizi və məscidlərimizi bərpa etmək üçün işlər aparır.
Bu layihə çərçivəsində bölgədəki ziyarətgahlarımızın bərpası, qorunması və yenidən qurulması yerli və xarici mütəxəssislərin iştirakı ilə həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkənin beynəlxalq təbliğinə, eləcə də sosial siyasət, elm, təhsil, mədəniyyət və idman sahəsindəki nailiyyətlərin həyata keçirilməsinə mühüm töhfə verir.
Heydər Əliyev Fondunun tətbiq etdiyi mədəni diplomatiya ölkənin xarici siyasətinin inkişafında da mühüm rol oynayır. Ümumiyyətlə qeyd etmək olar ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədənniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsinə də töhfəsi danılmazdır".






