Təhsil naziri öz əməkdaşının dəfnində iştirak etdi
Təhsil İnstitunun tərkibindəki Metodiki Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev vəfat edib.
Sfera.az xəbər verir ki, Namiq Nağıyev Bakının "Dədə Qorqud" qəbristanlığında dəfn edilib.
Təhsil naziri Emin Əmrullayev də direktorun dəfnində iştirak edib.
Nazir həmçinin, özünün Feysbuk hesabından N.Nağıyevin ailəsinə başsağlığı verib:
"Dəyərli həmkarım, peşəkar təhsil işçisi və dostum Namiq müəllimin vəfatı məni olduqca kədərləndirdi. Namiq müəllimi 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticə göstərmiş namizəd olaraq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutuna işə dəvət etdik. Qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində təhsil islahatlarına yönəlik layihələrin icrasında yaxından iştirak etməyə başladı. Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür. Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram.
Ailəsinə və yaxınlarına səbr diləyirəm.
Allah rəhmət eləsin!".
Xatırladaq ki, Namiq Nağıyev ötən ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin əmri ilə Metodik mərkəzin direktoru təyin olunmuşdu.
İnci
Sfera.az






