Qılıncoynadanımız Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazandı - FOTO
Sablyaçımız bu şərəfə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.
Qrup mərhələsində keçirdiyi altı görüşdən üçünü qalib başa vuran Anna ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.
Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirirək parlaq çıxışla yadda qalıb. Başta pley-offun ilk görüşündə İspaniya təmsilçisi Arakelli Navarra ilə qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə Anna 15:14 hesablı çətin qləbə qazanıb.
Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü dörd qadın sablyaçı sırasına yüksəlib.
Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə dörd xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.
Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Ancaq sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.
Beləliklə, Anna Başta 23 iyul-8 avqustda Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil edəcək.






