İsmayıllıda kənd yolları yenidən qurulur - FOTOLAR
İsmayıllı rayonunun Hacıhətəmli İnzibati Ərazi Dairəsi üzrə Hacıhətəmli-Kürd-Eldarbəyli və Gideyli kəndlərinin yollarında yenidənqurma işlərinə başlanılıb.
Sfera.az-ın məlumatına görə, hazırda xüsusi texnikalar vasitəsi ilə yollarda hamarlanma işlərinə başlanılıb və ilin sonuna kimi tam asvaltlanması nəzərdə tutulub.
Dəniz səviyyəsindən 416 metr yüksəklikdə yerləşən Kürd-Eldarbəyli kəndi rayon mərkəzindən 46 kilometr , dəniz səviyyəsindən 411 metr yüksəklikdə yerləşən Gideyli kəndi isə 45 kilometr cənub qərbdə yerləşir. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan iş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Ümumilikdə uzunluğu 13 kilometr olan yol, hər iki kənddə yaşayan 1000 nəfərə yaxın əhalinin gediş-gəlişini asanlaşdıracaq.
Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən Müharibəsindən yeni çıxmasına baxmayaraq əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam edir. Bunlar dövlətimizin və iqtisadiyyatımızın güclü olmasının nəticəsidir. Bu gün İsmayıllıda çəkilən hər bir yol sabah bizi Şuşaya, Qarabağımıza apararacaq.






