Miqrasiya könüllülərindən şəhid və qazi ailələri ilə əlaqədar yeni layihə - FOTOLAR
Miqrasiya Könüllüləri şəhid və qazi ailələri ilə əlaqədar Amerikada yaşayan həmvətənlərimizin təsis etdiyi FOR AZERBAİJAN təşkilatının tərəfdaşlığı ilə yeni uzunmüddətli layihəyə başlayıb.
Bu barədə Sfera.az-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Kələntərov məlumat verib. O bildirib ki, ilk layihə çərçivəsində Miqrasiya Könüllüləri müraciət əsasında bir qrup aztəminatlı şəhid və qazi ailələrinin ehtiyacları ilə tanış olub:
"Həmin ailələrə zəruri ərzaq məhsullarının alınması və çatdırılması istiqamətində köməklik göstəriblər. Təyin edilmiş 12 ailəyə layihə boyunca 6 ay müddətində aylıq 300 AZN məbləğində ərzaq təminatı həyata keçiriləcək. Bundan əlavə həmin insanların məişət avadanlıqları təminatının yaxşılaşdırılması istiqamətində birgə həyata keçiriləcək bir sıra fəaliyyətlər nəzərdə tutulub”.
Qeyd edək ki, "Miqrasiya Könüllüsü” İctimai Birliyi ilə tərəfdaş olan "FOR AZERBAİJAN” təşkilatı əsasən xaricdə məskunlaşmış xeyirxah insanların ianələrini cəmləyərək Azəbaycanda ən həssas ehtiyacları olan vətəndaşlara təsirli, şəffaf, dayanıqlı və miqyaslanabilən dəstəyin təminatına xidmət edir.
Qeyd edək ki, "FOR AZERBAİJAN” təşkilatının idarə heyətinin sədri Beynəlxalq Valyuta Fondunun sədrinin baş müşaviri Samir Süleymanovdur.






