Cəbhəyanı ərazilərdə piyada əleyhinə minalar, mərmi qalıqları aşkarlanıb - FOTOLAR
ANAMA-dan Sfera.az-a verilən məlumata görə, daxil olmuş 251 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 106 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 46 ədəd partlamamış hərbi sursat (PHS), 2 574 ədəd piyada əleyhinə mina, 906 ədəd tank əleyhinə minanın partladıcısı və 295 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 7 ədəd partlamamış hərbi sursat (PHS), mexaniki minatəmizləmə qrupu tərəfindən 7 ədəd PMN minası zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
Xatırladaq ki, Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yaraları alıb.






