Şəhid anasını öz anan hesab etmədinsə …” – Adil Əliyev Qarabağ qaziləri və şəhid ailələri ilə görüşdü + VİDEO
Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev seçiciləri ilə görüşlərini davam etdirir.
Sfera.az-ın məlumatına görə, bu qəbildən olan növbəti görüş Azərbaycan Veteranlar Təşkilatında baş tutub. Görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.
Təqdim etdiyimiz videogörüntülərdən də aydın olduğu kimi, müharibə veteranları birmənalı olaraq Adil Əliyevə dəstək olduqlarını nümayiş etdirib, namizə haqqında xoş təəssüratlarını bölüşüblər. Onlar fevralın 9-da yalnız Adil Əliyevə səs verəcəklərini bəyan edərək, onun indiyə qədərki deputatlıq fəaliyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə çıxış edən Adil Əliyev bildirib ki, 20 saylı Nərimanov ikinci seçki dairəsi ona yaxşı tanışdır, insanları əzizdir: "Deputat xalqa xidmət etməlidir, mənim prinsipim belədir. Sosial şəbəkələrdə bəzən neqativ fikirlər səsləndirir. İddia edirlər, guya deputatlar yalnız özünü düşünür. Bu fikri cəm halında səsləndirmək düzgün deyil. Seçicilərlə görüşün elanını verəndə, narazılıq bildirənləri də dəvət edirəm, gəlin iradlarınızı bildirin, cavablandıraq… Mən bəzəkli həyat tərzi sürməkdən çox uzağam. Bunu məni tanıyanlar da yaxşı bilir. Seçicini bir dəfə aldatmaq olar, növbəti dəfə seçicinin qarşısına necə çıxmaq olar? Bəzi iradlar haqsız olur. Hansısa deputatın sehirli çubuğu yoxdur ki, bütün problemləri həll etsin. Hamımız vətənə, dövlətə xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrundan şəhid olanların ailələrinə, qazilərə diqqət göstərməliyik. Bu, borcumuzdur. Şəhid anasını öz anan hesab etmədinsə, səndən vətənə xidmət edən olmaz. Torpaqların işğalda olmasından xəcalət çəkirəm. Ermənilər çox hiyləgər xalqdır, dünyanın hər yerinə yayılıblar. Qarabağ probleminin həlli üçün dövlətə dəstək olmalıyıq, bunun üçün gənclər oxumalıdır. Xaricdə oxuyan azərbaycanlılar ölkəyə qayıtmalı, xalqa xidmət etməlidir. Xalqın buna ehtiyacı var. Bu istiqamətdə əlimdən nə gəlirsə, edirəm. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dünyaya tanıdılması üçün çalışır".
A.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlıları da tənqid edib: "Ölkədən hansısa yollarla xaricə gedənlər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər. "Youtube"a, "Facebook"a onların ailələri baxmır? Axı biz azərbaycanlıyıq. Bu cür yollara əl atmaq düzgün deyil".






