Xaricdəki vətəndaşlarımızı narahat edən pasport məsələsi ilə bağlı AÇIQLAMA: Qərar geri götürülə bilər?
Bir neçə gündür, sosial şəbəkələrdə xaricdə yaşayan soydaşlarımız Azərbaycanın diplomatik nümayəndəliklərindən xarici pasport ala bilməmələrindən şikayətlənirlər. Məlum olub ki, ötən ilin dekabrında Azərbaycanda "Pasportlar haqqında” və "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlara dəyişiklik edilib. Bu dəyişikliklərə əsasən, Azərbaycanın diplomatik nümayəndəlikləri vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd vermək hüququndan məhrum ediliblər. Qanuna edilən dəyişikliyə əsasən, vətəndaşlar Azərbaycana geri qayıdıb, şəxsiyyət vəsiqələrini dəyişdikdən sonra xarici pasport ala bilərlər.
Bununla bağlı Sfera.az-a danışan REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, belə qanun dəyişiklikləri ciddi problemlərə səbəb olur:
"Hətta ətrafımızda olan insanlardan da bu cür şikayətlər almışıq. Açığı, bu qanun dəyişikliyinin məntiqi anlaşılan deyil. Dünyanın bütün ölkələri konsulluqda öz vətəndaşlarına xidmət etmək üçün fəaliyyət göstərirlər. Vətəndaşların sənədlərlə - şəxsiyyət vəsiqəsi, xarici pasport və digərləri ilə təmin olunmasında səfirliklər, konsulluqlar önəmli rol oynayırlar. Sözügedən qanun dəyişikliyi elə sakit formada baş verdi ki, heç ciddi müzakirələrə də səbəb olmadı. İndi isə böyük problemlər yaşanır. Nəzərə alsaq ki, Azərbaycandan kənarda müxtəlif rəqəmlərə görə 1,5 milyondan 2, 5 milyona yaxın vətəndaşımız yaşayır - əsasən də, Gürcüstanda, Türkiyədə, Rusiyada, Avropa ölkələrində, ABŞ-da – bu vətəndaşların sənədlərə çıxış imkanlarının bu dərəcədə məhdudlaşdırılması doğru deyil”.
Müsahibimiz qeyd edib ki, pandemiya dönəmində bu dəyişiklik ümumiyyətlə, anlaşılan deyil:
"Sərhədlərin bağlı olması, uçuşların çətinliyi Azərbaycan dövlətinə öz vətəndaşlarına yerindəcə xidmət etmək üstünlüyü yaratmalı idi. Lakin təəssüf ki, bu qanun dəyişikliyi vətəndaşları belə üstünlükdən məhrum etdi. Fikrimcə, gecikmədən bu qanunlara edilən dəyişikliklər geri götürülməli və vətəndaşlara xidmət üçün konsulluqlara, səfirliklərə əlavə səlahiyyətlər verilməlidir”.
Günay Rəsulqızı
Sfera.az






