ATƏT Ukraynaya görə toplanır? – “Bunun fayda verəcəyinə inanmıram...”
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığında hərbi əməliyyatları nəticəsində yaranmış gərginliyi aradan qaldırmaq üçün ATƏT-i əlindəki vasitələrdən istifadə etməyə çağırış edib.
O, qoşunların geri çəkilməsi barədə bəyanatların kifayət olmadığını deyərək, 48 saat ərzində ATƏT-in iclasının keçirilməsini istəyib.
ATƏT-in bu çağırışa münasibəti necə olacaq?
Mövzunu Sfera.az-a şərh edən siyasi məsələlər üzrə ekspert Turab Rzayev ATƏT üzvlərinin Ukraynanın müraciəti ilə bağlı toplaşa biləcəyini deyib. Ekspert bəzi ölkələrin Rusiya ilə əməkdaşlıq etmək istədiyini deyərək, müharibənin olmamasında maraqlı olduğunu bildirib:
"ATƏT bu müraciətlə əlaqədar iclas çağıra bilər, lakin bunun mənasının olacağını düşünmürəm. Biz ATƏT-in 30 il ərzində nə qədər mənasız qurum olduğunu gördük. 1 milyon qaçqının, xeyli sayda əsirin, dağıdılmış mədəniyyət abidələrinin olmasına baxmayaraq, ATƏT bu illər əzrində Azərbaycan üçün hansısa addımı ata bilmədi. Bu baxımdan ATƏT-in indi Ukrayna ilə bağlı hansısa iş görəcəyini düşünmürəm. İclasda çağırışlar ola bilər və üzv ölkələr Rusiyanı qınaya bilərlər. Bunun isə nə qədər effektiv olacağı qaranlıq məsələdir”.
"Hamı bilir ki, Ukrayna üçün yaradılan Minsk formatında Normandiya dördlüyü deyilən Almaniya, Fransa, Ukrayna və Rusiya təmsil olunur. Həm Fransanın, həm də Almaniyanın Rusiyaya münasibəti fərqlidir. Fransa Rusiyanın müharibəyə başlamasını istəmir, Almaniya isə Rusiya ilə əməkdaşlıq etmək niyyətindədir. Ona görə də bu ölkələrin münaqişəyə hansısa töhfə verəcəyini düşünmürəm. İclasda Rusiyanın Ukraynaya qarşı aqressiyası qeydə alına və separatçıların əli ilə Ukraynaya təxribat törətdiyi vurğulaya, müharibə elementi daşıyan fəaliyyət göstərdiyi qeyd oluna bilər”, - deyə ekspert vurğulayıb.Əzizə Zeynal






