"Sevgililər günü"ndən sui-istifadə edənlər - Qiymətləri artırır, hətta saxta mal da satırlar
"Hər il Azad İstehlakçılar Birliyinə Beynəlxalq Sevgililər Günü ilə bağlı sonrakı günlərdə şikayətlər daxil olur – "Bizə saxta mal satırlar”, "Qiymətləri baha idi” və s”.
Bunu Sfera.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Müsahibimiz bildirib ki, bütün dünyada biznes qurumlarının əsas məqsədi istehlakçılardan pul qoparmaqdır:
"Saxta endirimlər müşahidə edilir, bunlar hamısı yalandır. Söhbət çoxlu satış etməklə çoxlu pul qazanmaqdan gedir. Bütün hallarda biznes qurumunun bir məqsədi var. Bu işi görmək üçün isə müxtəlif üsullara əl atır, o cümlədən aqressiv reklamlara üstünlük verirlər. Uşaq oyuncaqlarından, cizgi filmlərinə kimi hər şey bizə nə isə satmaq üzərinə qurulub. Bu kimi məsələlərin hamısı körpə yaşından insanları izafi istehlakçı etməyə, onu gözü doymayan biri olmağa vadar edir. Baxın, indiki uşaqların nə qədər oyuncaqları var. Böyüyəndə də həmin o yolla gedirlər. Biz əslində aqressiv istehlakçı kimi yaşayırıq”.
E.Hüseynov qeyd edib ki, Beynəlxalq Sevgililər Günü, 8 Mart, "Qara Cümə” kimi günlər biznes oyunlarıdır:
"Etiraf edək ki, bütün dünya liderlərinin fikirləri ancaq dövlət büdcəsində pulun olmasıdır. Dünyada uzunömürlü insanların olmağı kimin nəyinə lazımdır? Hətta Ümumdünya Səhiyyə Təşkilatının belə insanın sağlamlığı barədə dediklərinin əksər hissəsi yalandır. Yəni ümumi reallığı istehlakçılar başa düşməlidir. Biznes qurumları müxtəlif vasitələrlə qiyməti qaldırır, keyfiyyəti aşağı salırlar ki, daha çox pul qazana bilsinlər. İstehlakçılar bunlara inanmasınlar!".
AİB sədri sonda istehsalçıların hüquqlarını da xatırladıb:
"Kampaniyalar zamanı aldıqları malları 14 gün müddətində dəyişdirsin və ya tələbatı ödəmədiyi təqdirdə qaytarsın. Hər hansı problem olduğu halda isə, İqtisadiyyat nazirliyinə və ya ərizə ilə bizə müraciət etsinlər”.
Günay Rəsulqızı
Sfera.az






