“Makron Türkiyə və ABŞ-ı neytrallaşdırmağa çalışacaq” - Politoloq
"Rusiya prezidenti ilə Fransa prezidentinin son günlər mütəmadi əlaqə saxlaması onu göstərir ki, Makron Qərb və Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək niyyətindədir".
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq Emmanuel Makronun Rusiya və Ukraynaya səfərinin mümkün nəticələri barədə danışıb.
"Makron Rusiyaya səfər etməklə Ukrayna böhranı ətrafında müzakirələr aparacaq. Makronun bu prosesdə niyyəti həm də ABŞ-la Türkiyəni neytrallaşdırmağa çalışmaqdan ibarətdir. Düşünürəm ki, Makronun bu siyasəti konkret olaraq Rusiyanın maraqlarına cavab verir, çünki Makron Rusiyaya yaxın siyasətçidir, Minsk və Normand formatının yenidən təşkili istiqamətində Ukrayna-Rusiya danışıqlarından yanadır".
M.Əsədullazadə Makronun Rusiyaya yaxınlığını xatırladaraq, onun Ukraynaya təsir göstərəcəyini qeyd edib:
"Kremlin Ukrayna siyasətində Qərblə, ABŞ-la eyni koalisiyada yer alamağa tərəddüd etdi və fikir ayrıqlıqları yarandı. Fransanın Ukrayna və Rusiya arasında vasitəçilik metodu nəticəsiz qalacaq. Makron burada Rusiyanın vəkili kimi çıxış etməyə çalışır və Ukraynanı güzəştə hazırlamaq istəyir".Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun fevralın 7-də Rusiyaya, 8-də isə Ukraynaya səfər edəcəyi bildirilib.
Əzizə Zeynal






