Ölkə sərt karantinə gedir? – Deputatdan açıqlama
Son günlər koronavirusa yoluxmada ciddi artımın müşahidə edilməsi sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı narahatlıqları artırıb.
Yoluxma sayındaki kəskin artım dinamikası yenidən qapanmalara səbəb ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Rüfət Quliyev sərt karantin rejimin tətbiq edilməsi ilə bağlı zərurətin olmadığını deyib:
"Bugünkü vəziyyət onu göstərir ki, Avropanın ən qabaqcıl ölkələrində yoluxma sayı artsa da, heç bir qapanma tədbirləri görülmür. Hətta Danimarkada karantin rejimi ümumiyyətlə ləğv edilib. Vaksinasiyanın aparıldığı ölkələrdə virusa yoluxan şəxslərin xəstəliyi yüngül keçirdiyi müşahidə edilməkdədir. İqtisadi baxımdan da sərt karantin rejiminin əleyhinəyəm. İkinci dəfə sərt karantinin tətbiq edilməsinə heç bir ölkə dözə bilməyəcək. Sərhədlərin, iş yerlərinin bağlanması infilyasiya ilə nəticələnə bilər ki, dünya buna hazır deyil".
Millət vəkili tibb müəssisələrinin koronavirusa yoluxmuş xəstələri yerləşdirməkdə çətinlik çəkmədiyini də sözlərinə əlavə edib:
"Azərbaycanda vaksinasiya sürətli gedir və ölüm halları çox deyil. Düşünürəm ki, yoluxma sayı artsa da, tibb müəssisələrimizin gücü bunu qarşılamağa yetəcək vəziyyətdədir. Bu baxımdan qapanmanın olmasına ehtiyac yoxdur. İnsanları ən sadə gigiyenik qaydalara riayət etməyə, maska taxmağa, məsafə qorumağa çağırıram. Ölkə üzrə vaksinasiya faizi 80-90 faizə çatdıqda yoluxma sayının artması bizə ümumiyyətlə təsir etməyəcək".Əzizə Zeynal






