Ekspertdən XƏBƏRDARLIQ: Yeni il günü evlərdə yanğın baş verə, insanlar xəstəxanalıq ola bilər
Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O bildirib ki, söhbət insanların həyat və sağlamlığından gedir:
"Hazırda dövriyyədə olan pirotexniki vasitələr ölkəyə qeyri-qanuni, qaçaqmalçılıq yolu ilə gətirildiyi üçün, hansı istehsal şirkətində hazırlanması, təhlükəsizlik sertifikatiyasından keçməsi, təhlükəsizlik istismarına dair icazə sənədi haqqında məlumat, istifadə təlimatları olmadığına görə bunların alınması, saxlanması belə riskdir. Çünki əksəriyyəti kustar üsulla sexlərdə, xırda müəssisələrdə işbazlar tərəfindən hazırlanır. Eyni zamanda tərkibində kimyəvi maddələr olduğu üçün düzgün istifadə olunmadığı təqdirdə, öz-özünə alışa, yana bilər, insanlara xəsarət yetirər, tüstüsü zəhərlənməyə gətirib çıxarar”.
Müsahibimiz qeyd edib ki, partlayıcı maddələrə daha çox uşaqların maraq göstərdiyi də nəzərə alınmalıdır:
"Uşaqlar bunu gizli yollarla alıb, evdə hər hansı yerdə saxlaya bilərlər. Həmən yerdə saxlanması belə təhlükə yaradır. Məsələn, evdə yanğın riski mümkündür. Yaxud mətbəxdə həmin məhsullar elə yerdə saxlanılar ki, qaz təchizatına yaxın olar, istilikdən öz-özünə alışar. Bütün bu ehtimalları nəzərə almaqda fayda var. Yaxşı olar ki, valideynlər də uşaqlara nəzarət etsinlər, özləri də istifadədən qaçsınlar”.
Günay Rəsulqızı
Sfera.az






