“Elə şəhid ailəsi var ki, qapısı döyülməyib...” - Deputat
"ASAN Xidmət şəhid ailələri və qazilər üçün daha mütərrəqi, əlçatan olmalıdır".
Sfera.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bəzi müharibə əllillərinin ümumiyyətlə qapısının döyülmədiyini, diqqətdən kənar qaldığını deyib:
"Azərbaycanda Birinci Qarabağ müharibəsindən 20 minə yaxın, İkinci Qarabağ müharibəsindən isə 3 minə yaxın şəhid ailəsi var. Əlavə olaraq, sağlamlıq və digər səbəblərdən dövlət dəstəyinə ehtiyacı olan müharibə əlilləri də var. Onlara dövlət qurumları tərəfindən müxtəlif köməkliklər edilir. Elə olur ki, bir ailəyə, bir əlilə beş-on dəfə kömək edilir, elə ailə də var ki, heç qapısı da döyülməyib. Ayrı-ayrılıqda dövlət qurumları, o cümlədən özəl şirkətlər, fərdi şəxslər müraciət edən şəhid ailəsinə və əlilə yardım edir, ev verir, işə götürür, digər problemlərini həll edir. Əsasən, "Yaşat” Fondu kömək etdiyi şəhid ailəsi və ya əlil ilə bağlı tam məlumatlara malikdir və bunu tənzimləyə bilir. Təklif edirəm ki, ASAN xidmət bu sahədə daha mütərəqqi və əlçatan internet resurslarına malik olduğu üçün bütün bu tip məlumatlar ASAN xidmətdə emal edilsin və vahid mərkəzdə - Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərin dövlət reyestrində birləşdirilsin".
R. Nurullayev qeyd edib ki, bu vahid informasiya mərkəzinə hər kəsin çıxışı olmalıdır: "Bir dövlət qurumu, yaxud özəl şirkət, fərdi sahibkar və digərləri müraciət edən şəxslə bağlı o resursa daxil olsun və bütün məlumatları görsün. Bunu qanunvericilik səviyyəsində edə bilsək, bir çox problemləri yerində həll edə bilərik".
Deputat xaricdə yaşayan azərbaycanlıların da bu prosesə qatıla biləcəyini sözlərinə əlavə edib:
"Bütün şəhid ailələrinin, müharibə əlillərinin və bu kateqoriyadan olan digər ehtiyaclı şəxslərin də bu reyestrdə birləşdirilməsi zamanı onların mövcud problemləri də göstərilsin. Dövlət orqanları, fərdi şəxslər də kömək etmək istəyən zaman güclərinə və istəklərinə uyğun seçim edə bilsinlər. Bunu edə bilsək, xaricdə yaşayan azərbaycanlılar da bu işdə yaxından iştirak edə və yükümüzü hətta 50% azalda bilərlər", - deyə deputat bildirib.Əzizə Zeynal






