Gürcüstanın Bakı ilə İrəvan arasında vasitəçiliyi nə verə bilər? - Açıqlama
Kateqoriya məlum deyil
Əvvəllər Azərbaycanla Ermənistan arasında danışıqlar, əlaqə Rusiya və ya ATƏT-in Minsk qrupunun həmsədrləri üzərindən həyata keçirilirdi. Lakin indi 44 günlük müharibənin nəticəsilə regionda yaranan geosiyasi mənzərəyə uyğun olaraq mövcud vəziyyət dəyişib.
Maraqlıdır, indiki halda Gürcüstan vasitəsilə Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yarana bilər? Gürcüstanın bu proseslərdə iştirakının nə kimi müsbət tərəfləri olardı?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı dialoqlara təkbaşına töhfə verməyəcəyini bildirib:
"Ermənistanla Azərbaycan arasında münaqişə davam edərkən ATƏT-in Minsk qrupu və Rusiya vasitəsilə dialoq davam edirdi. Münaqişə bitib, post-müharibə dövrüdür. Ərazilərin yenidən qurulması, inkişafı davam edir. Ermənistanla delimitasiya və demarkasiya olmalıdır. Soçi bəyannaməsi, 10 noyabr birgə bəyannaməsi, həmçinin 11 yanvar razılaşması var. Görünən budur ki, Ermənistan bu bəndlərə əməl etmir. Gürcüstanın iki ölkə arasında hər hansı dialoqda iştirak etməyə potensialı yoxdur. Gürcüstan yalnız Qərbin – ABŞ və Avropa İttifaqının dəstəyi ilə prosesə töhfə verə bilər, bunu təktərəfli edə bilməz".Politoloq Azərbaycanın Ermənistana qarşı təzyiqlərə əl atmalı olduğunu deyib:
"Rusiyaya gəldikdə isə son Soçi bəyannaməsində də göründüyü kimi, Rusiyanın vasitəçiliyi də gözlənilən səmərəliliyi vermir. Bəyannamələr imzalansa da, Ermənistan prosesdən yayınır. Düşünürəm ki, artıq Azərbaycan təzyiqlərə əl atmalıdır. Lakin diplomatik proses gedir. Belə ki, Ermənistan əvvəl-axır verdiyi bütün vədlərə əməl etmək məcburiyyətində qalacaq".Əzizə Zeynal






