"Şahbaz və Dilqəmi buna görə qaytarmağa məcbur oldular" - Ekspert
"Azərbaycan indiki vəziyyətdən istifadə edərək hələ 80-cillərin sonu, 90-cı illərin əvvəllərində əsir və itkin düşmüş vətəndaşların taleyi ilə bağlı çox ciddi maraqlana və daha ətraflı məlumat ala bilər".
Bunu Sfera.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert İbrahim Cəfərov deyib. Ekspert əsirlərin qaytarılması üçün mühüm işlərin görülə biləcəyini və bu istiqamətdə uğurlu nəticələrin əldə ediləcıyini diqqətə çatdırıb:
"80-ci illərin sonlarında erməni təcavüzü nəticəsində Zəngəzur, Göyçə və digər tarixi mahallarımızdan xeyli sayda vətəndaşımız itkin düşüb və həmin insanların bir hissəsi azyaşlı uşaqlardır. Bunun ardınca başlamış Birinci Qarabağ müharibəsi zamanı da soydaşlarımızdan xeyli sayda əsir götürülən və itkin düşənlər olub. İndi isə həmin insanların taleyini həll etmək üçün çox ideal vəziyyət yaranıb. Azərbaycan bu vəziyyətdən səmərəli istifadə etməlidir. İndi vəziyyət tamamilə dəyişib, diqtə edən tərəf Azərbaycandır. Bunu dəyərləndirərək bu məsələlərdə daha böyük siyasi təzyiq göstərilməlidir".
Ekspert 6 il erməni girovluğunda qalan Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələyə də toxunub:
"O vaxt ermənilər Şahbaz Quliyev və Dilqəm Əsgərovu da geri qaytarmaq istəmirdilər. Lakin hadisələrin gedişatı onları buna məcbur etdi. Ona görə də yaranmış şansdan istifadə edərək ötən əsrin 80-90-cı illərində itkin düşən vətəndaşlarımızın taleyi ilə bağlı ciddi məlumatlar əldə edə bilərik".Əzizə Zeynal






