Ermənistandan növbəti TƏXRİBAT - "Ən sərt reaksiyanı verməliyik"
"Birinci dəfə deyil ki, Ermənistandan olan rəsmilər icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olur. Onlar bunun açıqca hərbi-siyasi təxribat olduğunu bilir və bilə-bilə də bu addımı atırlar. Görünür, Ermənistan Qarabağı hələ də özünün” tarixi” torpaqları sayır. Buna görə də Arşak Karapetyanın Qarabağa qanunsuz səfərinə ən sərt reaksiyanı verməliyik”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının məsuliyyət zonasındakı əraziyə gəlməsini şərh edərkən deyib.
O, bildirib ki, Ermənistanın müdafiə nazirinin Qarabağa qanunsuz səfərinin vaxtının 10 noyabr bəyanatının ildönümü ərəfəsində həyata keçirilməsi təsadüfi deyil:
"Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsinə çalışır.
Görünür, Ermənistan rəhbərliyi Arşak Karapetyanın timsalında "artsax”ın hələ də mövcud olduğunu zənn edir. Rəsmi Bakı 27 il ərzində sərgilədiyi sülh və təmkinli siyasətini bu gün də davam etdirir. Lakin dəyişən şey odur ki, müharibə reallığı hələ də qalmaqdadır.
Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmadığını nəzərə salsaq, rəsmi İrəvanın atdığı bu addım Bakının əlini qüvvətləndirir. Yəni Azərbaycan Karapetyanın qanunsuz səfərini hərbi əməliyyatların yenidən başlanması üçün əsas saya bilər. Prinsip etibarilə Ermənistanla Azərbaycan arasında müharibə bu gün də davam edir. Rəsmi İrəvanın sərgilədiyi bu mövqe bunu bi̇r daha təsdi̇q edir. Buna görə də Ermənistana adekvat cavab vermək lazımdır. Əks təqdirdə Karapetyanın ardınca növbəti dəfə Nikol Paşinyan da Qarabağa gəlmək istəyəcək”.
Politoloqun fikrincə, rəsmi Bakı Rusiya sülhməramlılarının komandanlığına, habelə Kremlə xəbərdarlıq etməlidir:
"Məsələ ondadır ki, Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçərək Qarabağa daxil olub. Laçın dəhlizinə isə məhz Rusiya sülhməramlıları nəzarət edir. Azərbaycan tərəfi isə birmənalı şəkildə deyir ki, Ermənistan daxil olmaqla, heç bir ölkənin rəsmisi Qarabağa icazəsiz daxil ola bilməz. Buna görə də Azərbaycan tərəfi bu fakta cavab olaraq ciddi ölçü götürməli, lazımi addımları atmalıdır".
Turan Rzayev
Sfera.az






