BMT Minsk qrupunu ƏVƏZ ETMƏK İSTƏYİR: “Həmsədrlər işsiz qalıb”
Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bu yaxınlarda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərini xatırladıb:
"Səfərin məqsədi xarici işlər nazirləri ilə məcburi köçkünlər və qaçqınların geri qayıdışının şərtlərinin və perspektivlərinin, habelə 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının üçün nəzərdə tutulan rolun konkret aspektlərini müzakirə emək idi. Ancaq rəsmi Bakı hələ ki, tərəddüd edir. Çünki ATƏT kimi BMT də uzun illər işğalçı Ermənistanla işğala məruz Azərbaycan arasında bərabərlik işarəsi qoyub. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə 4 qətnamə 27 il icra olunmamış qaldı. Bu isə, ikili standartların bariz nümunəsi idi. Dövlət başçısı İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırdı”.
E.Şahinoğlu qeyd edib ki, BMT başda olmaqla, digər beynəlxalq təşkilatlar Azərbaycanın bölgü qərarına hörmətlə yanaşmalı, açıqlamalarında və yazışmalarında Qarabağ və Şərqi Zəngəzur ifadələrindən istifadə etməlidirlər:
"Digər tərəfdən Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq istəyən beynəlxalq təşkilatların bu məsələni rəsmi Bakı ilə müzakirə etməsi, yardımı isə Azərbaycan ərazisindən çatdırması tələbi də mövcuddur. Rəsmi Bakı BMT-nin Bakı ofisi ilə əməkdaşlığın inkişafında maraqlıdır. Qarabağ məsələsində BMT-nin Bakı ofisinin yeni reallıqları qəbul etməsi təşkilatın Nyu York ofisi ilə müqayisədə daha yüksəkdir. Reallıq isə bundan ibarətdir ki, Qarabağ münaqişəsi bitib və post-müharibə dövründə önə çıxan humanitar məsələlər Azərbaycanın dövlət strukturları ilə müzakirə olunmalıdır.
Rəsmi Bakı BMT-nin Qarabağla bağlı bütün məsələlərini məhz Azərbaycan tərəfi ilə razılaşdırılmasını istəyir. Əgər müharibədən əvvəl BMT-nin Nyu York ofisində Qarabağ məsələsində Azərbaycanla Ermənistanın mövqelərinə eyni səviyyədə yanaşırdılarsa, bunun bu şəkildə əvvəlki kimi davamı mümkün deyil. BMT-nin Azərbaycandakı nümayəndəliyi isə, Azərbaycanın dövlət strukturları ilə əməkdaşlıqda problem yaşamaq istəmir. Bəs indi BMT Azərbaycanla Ermənistana hansı məsələnin və ya məsələlərin həllində yardımçı ola bilər? Birincisi, BMT-nin minaların təmizlənməsi məsələsində fəallaşması Azərbaycan üçün faydalıdır. Digər tərəfdən, BMT-nin Qarabağdakı ermənilərə hansısa humanitar yardımların çatdırılması Azərbaycan üzərindən həyata keçirilməlidir. Bununla BMT Azərbaycanın ərazi bütövlüyünə hörmətini əyani göstərmiş olar”.
Politoloq bildirib ki, BMT iki ölkə arasında sülh quruculuğu işinə töhvə verə bilər:
"İşğal dövründə "sülh quruculuğu” Azərbaycanın maraqlarına cavab vermirdi. Çünki Ermənistan "sülh quruculuğunu” işğal davam edərkən təklif edirdi. Azərbaycan isə bunun əleyhinə idi. İndi isə əksinə, rəsmi Bakı münaqişənin bitdiyini bildirərək sülh quruculuğu çalışmalarının başlamasını məqbul sayır. Ancaq bu proses müsbət nəticəyə köklənməlidir, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmalıdır.
Bu arada, Minsk Qrupu həmsədrlərindən də xəbər var. Müharibədən sonra işsiz qalan həmsədrlər müzakirə predmeti axtarırlar ki, yenidən Bakı və İrəvana səfər edə bilsinlər. Ümumiyyətlə, rəsmi Bakı çalışır ki, həmsədrlik institutu getdikcə arxa plana keçsin, onlara ehtiyac qalmasın. Bu doğru strategiyadır. ATƏT sədrinin Cənubi Qafqazdakı təsmilçisi Andyej Kaspriçik də müharibədən sonra işsiz qalıb. Onun ofisi müharibədən öncə atəşkəsin monitorinqini aparırdı, indi isə bu vəzifəni Türkiyə və Rusiyanın ortaq monitorinq mərkəzi həyata keçirir. Demək, Kaspçikin də fəaliyyətinə ehtiyac qalmayıb. Həmsədrlər kimi, o da uzun müddətdir ki, Bakıda görünmür. ATƏT-də Kaspçiki bir başqa diplomatla əvəz etmək ehtimalı yüksəkdir, ancaq əvvəlcə onun ofisinin nə ilə məşğul olacağı aydınlaşdırılmalıdır”.
Günay Rəsulqızı






