Türkiyə və Azərbaycanın İrandakı səfirləri Tehranda bir araya gəldi – Geri çağırılacaqlar?
Azərbaycan və Türkiyənin İrandakı səfirləri Əli Əlizadə ilə Dərya Örs arasında görüş olub. Son günlər İran ilə Azərbaycan arasında yaşanan gərginlik fonunda səfirlərin bir araya gəlməsi belə bir sualı aktuallaşdırır: Azərbaycan və Türkiyə İrandakı səfirlərini geri çağıra bilərmi?
Mahiyyət etibarilə bu mümkündür. Çünki İran-Azərbaycan gərginliyi artmaqda davam edir. Xüsusilə, rəsmi Tehranın atdığı son addımlar, iranlı rəsmilərin sərt siyasi ritorikaları gərginliyin təhlükəli fazaya qədəm qoyacağından xəbər verir. Prosesin arzuolunmaz məcrada inkişafı isə ölkələrin qarşılıqlı şəkildə səfirlərini geri çağıracağı ehtimalını qüvvətləndirir.
İstənilən halda rəsmi Bakı İranla münasibətlərin korlanmasında maraqlı deyil. Lakin İranın İkinci Qarabağ müharibəsindən sonra mənasız və əsassız şəkildə gərginlik yaratması, bu gün bu gərginliyi pik həddə çatdırması rəsmi Bakını da cavab addımları atmağa vadar edir. Vəziyyət o həddə çatıb ki, artıq ölkə başçısı Prezident İlham Əliyev də öz çıxışlarında rəsmi Tehranın əsassız iddialarına müvafiq üslubda cavab verməyə ehtiyac duyub.
İranın Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyması isə Tehranın Bakıya qarşı attığı ən sərt addım kimi qiymətləndirilə bilər. Azərbaycan tərəfi də öz növbəsində Ermənistan hava məkanından istifadə etməklə Naxçıvana uçuşlar həyata keçirməsi İranın attığı addımı mənasız və nəticəsiz edib.
Proses bu tempdə inkifaş etməyə davam etsə, rəsmi Bakı daha sərt addımlar atmalı olacaq. Söhbət ölkəmizin İrandakı səfirinin geri çağırılmasından gedir. İndiki halda buna ehtiyac olmasa da gərginlik azalmasa, gec-tez bu da baş verəcək. Bu isə İrana heç bir halda sərf etməyəcək.
Məsələ ondadır ki, Azərbaycanın diplomatik nüfuzu İranı, xüsusilə də digər qonşunları ilə çətin vəziyyətə sala bilər. Misal üçün, ötən gün Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu. Bu gün isə bənzər addım Türkiyədən gəldi. Belə ki, Türkiyə İran Razi sərhəd-keçid məntəqəsini bağlayıb. Sabah bənzər addımı Pakistan, hətta "Taliban”ın nəzarətindəki Əfqanıstan da ata bilər. Azərbaycanla gərginlik İran iqtisadiyyatına Qərbin və ABŞ-ın sanksiyalarından daha böyük zərbə vuracaq.
Bakı hansı qərar versə şübhəsiz ki, Ankara da bunu dəstəkləyəcək. Yəni sabah Azərbaycan səfirini İrandan geri çağırsa, Türkiyə də bənzər addım ata bilər. Azərbaycan və Türkiyəsiz İran isə ABŞ və Qərbin açıq hədəfinə çevriləcək. Nə qədər qəribə səslənsə də bu belədir - Tehran ilə Qərb arasındakı tək sədd Bakı və Ankaradır!
Turan Rzayev





