Logo

"Bu gələcəkdə İran yoxdur" - Tehran rusların mövqeyini dəyişə bilər?

"Bu gələcəkdə İran yoxdur" - Tehran rusların mövqeyini dəyişə bilər?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Tehranın Moskvadan əsl istəyi bəllidir - Zəngəzur dəhlizinin qarşısını almaq, İranın bölgədə statusunu aydınlaşdırmaq”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahianın Rusiyaya səfərindən danışarkən deyib.

Ekspert qeyd edib ki, Abdullahianın "Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik. Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək” açıqlamasında niyyət etiraf olunur:

"İran Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının reallaşmasına da qarşı çıxır. Hesab edir ki, bu proses Bakının Zəngəzur üzərində təsir imkanlarını artıracaq və Tehranın Cənubi Qafqaza girişi tamamilə bloklanacaq. Əslində Bakının təsir imkanlarının güclənməsi reallığı var, lakin Azərbaycan bundan hansısa üçüncü ölkəyə qarşı yox, regional əməkdaşlıq üçün istifadə etmək niyyətindədir. Tehran Bakıdan asılı vəziyyətə düşməyi qəbul etmir”.

A.Nərimanlı bildirib ki, Abdullahianın Moskvaya səfəri iki nəticəni çıxarmağa imkan verir:

"Birincisi, Ermənistanla danışıqlarda (Ermənistan XİN rəhbəri Mirzoyanın Tehran səfəri) istədiklərini ala bilməyiblər və İrəvan qərarverici qapının Moskva olduğuna işarə vurub. İkincisi, Soçi görüşündə Ərdoğanla Putin Suriya və Cənubi Qafqaz üzərində anlaşma əldə edib və bu, anlaşma Tehranın bölgəyə girişini əngəlləyir. Abdullahian rusların mövqeyini dəyişməyə çalışacaq;

Qafqazda gərginlik pik həddə çatdığı vaxt Əsəd ordusunun İdlibə hücum hazırlığına dair məlumatların yayılması da diqqət çəkir: Suriya rejimi Soçi görüşündən öncə rusların dəstəyi ilə İdlib razılaşmasını pozurdu, Soçidə anlaşmadan sonra isə Əsədi İran dövriyyəyə buraxır. Əsəd Soçi razılaşmasından narazıdır və Tehran Cənubi Qafqaz cəbhəsinə paralel olaraq, Suriya cəbhəsini də açır və hər iki cəbhədə qarşısında Ankara ilə Moskva var”.

Politoloqun sözlərinə görə, İranın son ümidi Putin-Paşinyan görüşünə qədərdir:

"Hərçənd, nəticə hasil etmək çətin görünür. Qarabağ münaqişəsinin həllində birgə iştirak edən tərəflər bölgənin gələcəyinə də birgə qərar verdilər və bu gələcəkdə İran yoxdur”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR