“Arabnews” saytı İranın Azərbaycana qarşı olmasının 3 əsas səbəbindən yazdı
Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan "Arabnews” saytında "Azərbaycan-İran gərginliyi Cənubi Qafqazı narahat edir" başlıqlı məqalə yayımlanıb.
Sfera.az xəbər verir ki, təqdim olunan materialda İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-İran münasibətlərinin kəskinləşməsi və digər məsələlər öz əksini tapıb.
Sözügedən məqaləni təqdim edirik:
Bu həftə Azərbaycan və Ermənistan arasında ikinci Dağlıq Qarabağ müharibəsinin başlamasının bir ili tamam oldu. Keçən ilin noyabr ayının əvvəlində Ermənistan daha yaxşı təlim keçmiş və təchiz edilmiş Azərbaycan ordusu tərəfindən məğlub edilib. Bakı beynəlxalq aləmdə tanınmış sərhədlərini bərpa edə və təxminən otuz il davam edən erməni işğalına son qoya bilib.
Bir neçə il əvvəl mən Dağlıq Qarabağ münaqişəsinin cəbhə bölgələrində olmuşam. Azərbaycan səngərləri şəbəkəsindən keçdikdən sonra bunkerə girdim. Bir neçə yüz metr irəlidə erməni mövqeləri vardı. Bir neçə kilometr arxamda Araz çayı və İran dayanırdı. Məni müşaiyyət edən bir azərbaycanlı zabit erməni mövqelərinə işarə edərək dedi: "Bir gün bu şəkildə hücum edəcəyik". Sonra məni təəccübləndirərək İrana tərəf işarə edərək dedi: "Sonra bəlkə bu bu tərəflə də problemimiz oldu". Zabit son olaraq: "Zövqdən əvvəl işdir", deyə qeyd etdi. Bu hadisə o vaxtdan ağlımda qaldı.
İran döyüşlərin başlamasının ildönümü həftəsindən istifadə edərək Azərbaycanla sərhədində genişmiqyaslı hərbi təlimlər keçirdi. Bu hərbi manevrlər Azərbaycan-İran sərhədinin keçən ilə qədər Ermənistanın işğalı altında olan hissəsində həyata keçirilir. Söz yox ki, bu manevrlər Bakıda siyasətçilərin çaxnaşmasına səbəb olub.
Tehranın Cənubi Qafqazdakı rolunu və təsirini danmaq olmaz. Bu xüsusilə Azərbaycan və Ermənistana aiddir. Bakı ilə Tehran arasındakı münasibətlər zahirən səmimi görünsə də, İranın son hərbi təlimlərinin Azərbaycanda niyə narahatlıq yaratdığını izah edən üç əsas gərginlik səbəbi var.
İlk gərginlik nöqtəsi İranda yaşayan etnik azərbaycanlıların sayıdır. 1828-ci ildə Rus-Fars müharibəsinə son qoyan (1826-1828) Rusiya İmperatorluğu ilə İran arasında Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan xalqı müasir Azərbaycanla İran arasında bölündü. Bu gün azərbaycanlıların İranda ikinci ən böyük etnik qrup olduğu düşünülür və hesablamalara görə, İranda 11-28 milyon arasında azərbaycanlı yaşayır.
Keçən il Azərbaycanla Ermənistan arasında baş verən münaqişə zamanı sosial mediada və küçələrdə etnik azərbaycanlıların çoxu Bakını dəstəkləyən şüarlar səsləndirdilər. İran rejimi münaqişə zamanı ritorik səviyyədə balanslı görünməyə çalışdı. Lakin praktiki olaraq, İran müharibə zamanı Rusiyanın Ermənistana silah tədarükü üçün əsas keçid məntəqəsi idi.
Azərbaycanın qələbəsindən sonra Bakının bölgədəki nüfuzu artmaqdadır. Azərbaycan azlığının İranın şimalında öz müqəddəratını təyinetmə və muxtariyyətin artırılması üçün daim aşağı səviyyəli təkan var. Bu kütləvi müstəqillik hərəkatına çevrilməsə də, İran rəhbərliyində bəzilərini əsəbiləşdirir.
Tehranı narahat edən ikinci amil Azərbaycanın İsraillə yaxşı münasibətlərinin olmasıdır. Azərbaycanın Qırmızı Qəsəbəsinin İsrail xaricində ən böyük yəhudi yaşayış məntəqəsi olduğu düşünülür. Azərbaycan İsrailə neftinin 40 faizini verir. Yeri gəlmişkən, israillilər azərbaycanlılara keçən il müharibədə inanılmaz dərəcədə təsirli olan pilotsuz uçuş aparatlarını satıblar.
Aydındır ki, Azərbaycanın İsraillə münasibətləri iranlıları narahat edir. Əlaqələrin hərbi və təhlükəsizlik aspektləri xüsusilə İranı maraqlandırır. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə son hərbi təlimlərlə bağlı Azərbaycanın tənqidinə cavab olaraq belə bir bəyanat verdi: "Ölkəmizin həyata keçirdiyi təlimlər suverenlik məsələsidir. İran sərhədlərimiz yaxınlığında sionist rejimin varlığına dözməyəcək”.
Nəhayət, İranın Ermənistanla yaxın münasibətləri Bakı ilə sıx əlaqəlidir. Tarixi, iqtisadi və coğrafi səbəblərdən İrəvanla Tehran arasında sıx əlaqələr var. İrana iqtisadi sanksiyalar tətbiq edildikdən sonra bir çox beynəlxalq bazara çıxış bağlandıqda, Ermənistan Tehranın bizneslə məşğul olması üçün faydalı bir yer idi.
Ermənistan və İran liderləri arasında ticarət və iqtisadi əlaqələri gücləndirmək üçün davamlı danışıqlar aparılır. Keçən ay İran prezidenti İbrahim Rəisi və Ermənistanın baş naziri Nikol Paşinyan bir araya gələrək iqtisadi əməkdaşlığı artırmağı müzakirə etdilər. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda baş verən ilk müharibə zamanı İran Azərbaycanın bölgədəki rolunu azaltmaq üçün Ermənistanın siyasi xəttinə rəğbət bəsləyirdi.
İran hərbi təlimlərinə əlavə olaraq, son həftələrdə Azərbaycan gömrükçüləri Azərbaycan ərazisindən keçən İran yük maşınlarına yol vergisi tətbiq etməyə başladıqdan sonra (keçən ilə qədər Ermənistanın işğalı altında idi) Bakı ilə Tehran arasında gərginlik artdı. İran eyni zamanda qonşu Ermənistana və Rusiya sülhməramlılarının nəzarətində olan Dağlıq Qarabağın bir hissəsinə yanacaq və digər mallar nəql edib.
Cənubi Qafqazdakı vəziyyətin həssas olduğunu nəzərə alsaq, bu çox təhlükəli bir dövrdür. Bölgənin hazırda ehtiyac duyduğu son şey başqa bir müharibənin olmasıdır.
Əzizə ZeynalSfera.az






