“Xətibzadənin açıqlaması gərginliyi daha da artıracaq” – Şərh
"İran Azərbaycana qarşı tutduğu mövqeyi dəyişmək əvəzinə XİN səviyyəsində Azərbaycana qarşı öz çirkin niyyətini ortaya qoymuş oldu. İran XİN sözçüsü Səid Xətibzadənin məlum açıqlamalarını başqa cür izah etmək mümkün deyil”.
Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib.
O, bildirib ki, ölkə başçısı cənab İlham Əliyev məsələni qabartmaqla İrana mesaj vermiş oldu ki, əgər həqiqətən də dost xalq və mehriban qonşu olmaq niyyətiniz varsa, bunu səmimi şəkildə göstərmək lazımdır:
"S.Xətibzadə bildirib ki, "İran İslam Respublikası hər zaman ölkələrin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, mehriban qonşuluq siyasəti yürütmək bütün qonşuların izləməli olduğu ən vacib məsələlərdən biridir”.
O zaman mən də həmin Səid Xətibzadəyə sual ünvanlayıram ki, İran həqiqətən də hər zaman hər hansı bir ərazi işğalına qarşıdırsa, o zaman İran yük maşınları həm II Qarabağ savaşına qədər, həm də II Qarabağ savaşından sonra Azərbaycanın suveren ərazisi olan Qarabağda Azərbaycanın icazəsi olmadan nə işi var? Əgər İran həqiqətən də mehriban qonşuluq siyasəti yürüdürsə və yaxud yürütmək niyyətindədirsə, məhz qeyd edilən dövrdə Azərbaycanla sərhəddə hərbi təlimlər keçir? Bunu başqa zaman və başqa yerdə keçirmək mümkün deyildimi?
Nəhayət, İran XİN sözçüsü bildirib ki, "bu, bir idarəçilik məsələsidir və bütün bölgənin sülhü və sabitliyi üçün edilir. Əlbəttə aydındır ki, İran İslam Respublikası sionist rejimin öz sərhədlərinə yaxın olmasına dözməyəcək və milli təhlükəsizliyi üçün zəruri hesab etdiyi istənilən addımı atacaq”. Səid Xətibzadə İranın İsrailə qarşı belə düşmən mövqedə olduğunu düşünürsə, niyə İranın nüvə alimi Möhsün Fəxrizadə İranın paytaxtı Tehran şəhəri yaxınlığında İsrail kəşfiyyatı Mossad tərəfindən öldürülərkən ona cavab vermədi?
Deməli, İranın dərdi İsrail deyil, Azərbaycandır. Ona görə də İrandakı bəzi antiazərbaycan dairələri bütün gücü ilə Azərbaycana qarşı düşmənçilik mövqeyi yaratmağa çalışırlar.
Fikrimcə, İran həqiqətən də bölgədə sülhün və sabitliyin olmağında maraqlıdırsa, Azərbaycana və Türkiyəyə qarşı mövqeyində düzəlişlər etməlidir. Əks-təqdirdə daha çox zərərini özləri görə bilərlər”.Turan Rzayev






