“Minsk qrupunun görəcəyi iş qalmayıb" – Deputatdan açıqlama
Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Maraqlıdır, tərəflərin görüşü nə zaman baş tuta bilər? Minsk qrupu üzvləri və nazirlərin görüşündə hansı məsələlər müzakirə ediləcək?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Azər Badamov Minsk qrupunun həll edə biləcəyi münaqişəsnin olmadığını bildirib. Millət vəkili bu barədə dəfələrlə açıqlama verildiyini də diqqətə çatdırıb:
"Azərbaycan həmişə görüşlər üçün açıqdır. ATƏT-in Minsk qrupu üzlərinin 44 günlük müharibədən sonra Bakıya gəlişində də bildirilmişdi ki, həmsədrlər 28 il ərzində heç bir məsələni həll etmədi və Azərbaycan ordusu müharibə ilə münaqişəni həll etdi. Yəni bu o deməkdir ki, həmsədr ölkələr üçün görüləcək iş qalmayıb. ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də öz niyyətlərini bildirirlər ki, guya münaqişənin həll olunmasında rollarını ifadə etmək istəyirlər. Birinci onu qeyd etmək lazımdır ki, münaqişə yoxdur, münaqişə həll olub".
Deputat Minsk qrupunun görə biləcəyi işlər barədə də danışıb:
"Minsk qrupunun həmsədrləri əgər yardım etmək və ədalətli çıxış etmək istəyirlərsə, xalqların intqerasiyasına kömək etsinlər. Yəni həmsədrlər Azərbaycan ərazisində saxlanılmış erməni hərbi birləşmələrinin ölkəni tərk etməsində və azərbaycanlıların Xocalıya, Xankəndiyə, eləcə də digər ərazilərə qayıtmasında dəstəklərini ifadə edə bilərlər. Əgər onlar bu ifadələri işlətmirlərsə, demək, Minsk qrupunun heç bir rolu yoxdur və tərəflərin gələcəkdə əhəmiyyət daşıyacaqlarını düşünmürəm".Əzizə Zeynal
Sfera.az





