Partiya sədrləri PA-nın təşəbbüsü ilə keçirilən görüşdə nələrdən danışıb? – Liderlərdən açıqlama
"Ölkədə demokratik açılım edilməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin 45 siyasi partiyanın rəhbərləri ilə "Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi video görüş barədə danışarkən, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib:
"Hələ 2011-cə ildə "demokratiyaya yumşaq keçid” strategiyasını təklif etmişəm. Ötən il bunu yeniləyərək hakimiyyətə və ictimaiyyətə təqdim etdim. Yuxarıdan geniş demokratik və siyasi islahatlara başlanılmalıdır. Siyasi partilayalar haqqında qanun və Seçki Məcəlləsinin təkmilləşdirilməsi, qarışıq seçki sisteminə keçilməsi, Milli Məclis yerlərinin sayının artırılması, siyasi fəaliyyət azadlığının tam təmin edilməsi, buna xüsusən də bölgələrdə diqqətin artırılması, rəqabətli siyasi sistemin yaradılması istiqamətində təkliflərlə çıxış etdim”.
Həmsöhbətimiz belə təmasları müsbət qiymətləndirdi: "Bu tip təmaslar hər bir siyasi partiyaya mövzu ətrafında fikir və baxışlarını açıq şəkildə ortaya qoymağa imkan verir. "Yeni reallıqlar və inkişaf perspektivləri” mövzusunda çıxış edərək bir çox məsələlərə toxundum, təkliflər irəli sürdüm. Çıxışımı yazılı şəkildə hakimiyyətə təqdim edəcəm”.
Partiya səbri deyib ki, müharibədə qələbə çalan Azərbaycan yeni dövrə qədəm qoyur ki, bu dövr də çoxsaylı yeni imkan və fürsətlər yaradır:"Yaranmış şəraiti adekvat qiymətləndirərək, fürsətlərdən yararlanmalıyıq. Bu istiqamətdə təkliflərlə çıxış etdim.Təklif etdim ki, qələbə toksikozundan qorunmalı, eyforiyaya qapılmamalıyıq”.
"Qurum bundan sonra Məşvərət Məclisi kimi fəaliyyət göstərsin”.
Sözügedən görüşdə belə təkliflə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxış edib: "Partiya və parlametlə iş şöbəsinin rəhbəri Ədalət Vəliyev uğurlu kadr olduğunu ortaya qoya bilib. Keçən dövr ərzində o 600-ə qədər görüş keçirib. Bu da ölkədə partiyalararası, iqtidar-müxalifət münasibətlərinə təbii ki, pozitiv təsir edib. İlk belə görüş 44 günlük müharibə dövrünə təsadüf etdi. Nəticədə milli birliyi təmin etdik. Sonrakı dönəmdəki görüşlərdə ölkədəki problemlərin, ehtiyac olan məsələlərin müzakirəsi davam etdirildi. Əslində bütün verilən təkliflər nəzərə alınır. Deməli nəticə var. Çıxışımda təklif etdim ki, 48 partiyanın toplanması çərçivəyə salınsın. Qurum bundan sonra Məşvərət Məclisi kimi fəaliyyət göstərsə daha yaxşı olar. Bir sözlə, görüş çox effektli və səmimi oldu. Belə görüşlər islahatların yaxşı keçməsi üçün bir təməldir”.
Elçin





