Logo

Məktəb alış-verişi başladı: Alan da narazıdır, satan da...

Məktəb alış-verişi başladı: Alan da narazıdır, satan da...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gün öncə Təhsil Nazirliyi tərəfindən keçirilən brifinqdə sentyabrın 22-dən birinci siniflər, sentyabrın 29-dan 5-ci və 11-ci siniflər üçün orta məktəblərdə tədrisin ənənəvi formada başlayacağı açıqlandı. Oktyabrın 1-dən isə məktəbəqədər hazırlıq qruplarında tədris əyani şəkildə davam etdiriləcək.

Yəni yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Əyani təhsilin başlaması öz növbəsində valideynlərin və şagirdlərin məktəbli forması və məktəb ləvazimatları almasını zəruri edir.

Hər tədris ili ərəfəsində paytaxtda məktəb yarmarkaları təşkil edilir və bu da valideynlərin işini qismən də olsa rahatlaşdırırdı. Ötən il ölkə ərazisində sərt karantin rejiminin tətbiqi, tədrisin distant formada keçirilməsinə görə yarmarkalar baş tutmadı.

Bakı Şəhər İcra Hakimiyətinin Ticarət və Xidmət Departamentindən Sfera.az-a verilən açıqlamada ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq, bu il də məktəbli yarmarkalarının keçirilməsinin gözlənilmədiyi bildirildi.

Maraqlıdır, dərslərin əyani formada başlayacağının açıqlanmasından sonra bazarlarda vəziyyət necədir?

Məsələ ilə bağlı Sfera.az-ın əməkdaşı bazarlardakı vəziyyətlə yerində tanış olaraq valideynlər və satıcıların düşüncələrini öyrənib.

Sahibkarlardan biri Musa Əliyev bildirdi ki, hazırda alıcıların sayı çox azdır:

"Özünüz də görürsünüz, demək olar ki, forma alan valideyn yoxdur. Günün ikinci yarısı biraz aktivlik olsa da, bu ötən illərlə müqayisədə çox azdır. Ümumiyyətlə, valideynlər məktəbli forması almağa çəkinir”.

Onun sözlərinə görə, məktəbli formalarında qiymət artımı yoxdur.

Satıcı Sevda Məcidova da satışın az olmağından şikayətləndi:

"Qiymətlər nəinki yüksəlməyib, hətta enib. Biz də istəyirik əlimizdəki mallar satılsın. Ancaq alıcılıq çox aşağıdır. Hazırda alıcıların əksəriyyəti əsasən övladları özəl liseylər və ibtidai sinifdə oxuyan valideynlərdir. Yuxarı sinif şagirdləri üçün gətirdiyimiz formalar isə hələ ki, satılmayıb”.

Digər bir satıcı Vüsal Qurbanov da qiymətlərdə artımın olmadığını dedi:

"Məktəbli çantalarında qiymət artımı etməmişik. Əsasən günün ikinci yarısında alıcıların sayı artır. Satışlar hələ ki, normaldır, ancaq ötən illərlə müqayisədə azalma var”.

Satıcılardan fərqli olaraq bəzi valideynlər qiymətlərdən narazılıq etdilər. Valideynlərin digər bir problemi isə etimadsızlıq içərisində olmalarıdır.

İki qız atası Rasim Rzayev vəziyyəti belə izah etdi:

"Hər ikisi 8-ci sinifə gedir. Hələ ki, məktəbli forması almamışıq. sentyabrın 29-dan əyani təhsilin başlayacağı deyilsə də, yoluxma sayı artır. Buna görə də hələ ki, gözləyirik”.

İki övlad anası Samirə Usubova isə bildirdi ki, onlardan biri 10-cu sinifə, digəri 7-ci sinifə gedir, hər ikisinə məktəbli forması, çanta və digər ləvazimatları artıq alıb:

"Qiymətlər bahadır. Karantin rejiminin yumşalması sonrası qiymətlərin aşağı düşəcəyini gözləsək də, dəyişən heç nə olmadı. Övladlarımız üçün məcbur olub alırıq”.

Digər bir valideyn Gülnar Səlimova isə hələ ki, məktəbli forması almadığını bildirdi:

"Bir qızım var. Hazırda 6-cı sinifə gedir. Sentyabrın 29-dan əyani təhsilin başlayacağı deyilsə də, məktəbli forması ilə bağlı ehtiyat edirəm. Bir müddət öncə vahid məktəbli formasının dəyişiləcəyi deyilmişdi. Forma almağa hələ ki, tələsmirik. Düşünürəm ki, biraz daha gözləsəm, yaxşı olar”.

Göründüyü kimi, valideynlər həm qiymətlərdən narazıdır, həm də məktəbli foması və digər ləvazimatları almaqdan ehtiyat edirlər. Valideynlərin narahatlığına səbəb vahid məktəbli formasının dəyişilmə ehtimalı və təhsilin qısa zamanda yenidən distant təhsilə keçməsi ehtimalıdır. Buna görə də onlar artıq xərc çəkməmək üçün gözləməyə üstünlük verirlər.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR