“Rəsmi Bakı “Taliban”la əlaqələr qurmalıdır, çünki...” - Politoloq
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın "Taliban” rəhbərliyi ilə dialoqa hazır olduğunu bəyan etmişdi. Ölkə rəhbəri eyni zamanda Türkiyənin "Taliban”ın verdiyi mesajları müsbət qarşıladığını demişdi.
Bu isə ortaya belə bir sual çıxarır – Türkiyənin bu mövqeyi Azərbaycanın "Taliban”la münasibətlərinə təsir edəcəkmi? Rəsmi Bakının Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətləri necə olacaq?
Politoloq Samir Hümbətov Sfera.az-a açıqlamasında qeyd edib ki, Ərdoğanın "Taliban”la bağlı söylədiyi fikirlər olduqca vacibdir və bunu həm Türkiyənin Əfqanıstan, Mərkəzi Asiya ilə bağlı xarici strategiyasının müəyyən edilməsi, həm də Azərbaycanın xarici strategiyasının necə müəyyən olunmasına işarə kimi qiymətləndirmək olar:
"Artıq azərbaycanlı sülhməramlı qüvvələr də Türkiyə sülhməramlı qüvvələrlə birgə Əfqanıstanda xidmət keçirlər. Hesab edirəm ki, Azərbaycanın da bu məsələdə Türkiyə ilə birgə hərəkət etməsi olduqca önəmlidir. Əgər dünya birliyi tərəfindən Əfqanıstandakı "Taliban” hökumətinin tanınması prosesi baş verərsə, Azərbaycan da bu və ya digər formada oradakı yeni hökumətlə əməkdaşlığı davam etdirə bilər”.
Müsahibimiz qeyd edib ki, ilk növbədə bu məsələdə ölkəmizin sülhməramlı qüvvələrinin Əfqanıstandakı fəaliyyəti yer tutur:
"Eyni zamanda ticarət, iqtisadi əlaqələr də mümkündür. Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq, həmçinin müttəfiqlik əlaqələri hər iki ölkənin xarici siyasətinə də ciddi təsir edən amillərdən biridir. Türkiyənin atdığı addımları biz də izləməliyik. Əfqanıstanla məsələsində də qardaş ölkəni dəstəkləyə və sözügedən ölkə ilə əməkdaşlıq münasibətlərini inkişaf etdirə bilərik. Bu hal baş verərsə, Azərbaycanın mövqeləri daha da güclənəcək – istər Mərkəzi Asiyada, istərsə də Türkiyə-Azərbaycan münasibətlərində, yaxud xarici siyasətimizdə. Bunu müsbət tendensiya kimi qəbul etmək mümkündür”.Günay Rəsulqızı






