“Yoluxma artsa, iki həftəlik sərt karantinə gedəcəyik” - Deputat
"Regional olaraq iki həftəlik qapanmalara gedə bilərik”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib:
"Hələlik qapanmalardan söhbət getməyəcək. Yalnız sentyabrın 1-dən sonra böyük alış-veriş mərkəzlərinə giriş COVİD pasportu ilə olacaq. Həmçinin, ali məktəb tələbə və müəllimlərindən tələb olunur ki, əyani dərslərə yalnız COVİD pasportu təqdim etdikdən sonra qoşulsunlar. İl yarım ərzində tələbə və şagirdlərin əyani təhsildən kənarda qalması istər-istəməz tədris və təhsilin keyfiyyətinə mənfi təsir götərib. Ona görə bu sahədə də məhdudiyyətin qoyulması çox vacibdir. Bundan əlavə digər məhdudiyyətlərdən hələlik söhbət getmir. İndiyə qədər üç dəfə sərt karantin rejimi tətbiq olunub. Hər karantin rejimindən sonrakı yumşalma dövründə isə bəzi ciddi fəsadların şahidi olmuşuq. Bu fəsadlar isə özünü istər iqtisadi, istr sosioloji, istərsə də psixoloji çətinliklərdə göstərib”.
Həmsöhbətimiz bildirib ki, insanlarımız bir az yumşalma baş verən kimi məsuliyyət hissini tamamilə itirərək, adi qaydalara belə əməl etmirlər:
"Ona görə də yoluxma sayı artır. Odur ki, indi daha çox vaksinasiya təbliğatına, maarifləndirməyə diqqət ayırmalıyıq. Çalışmalıyıq ki, daha çox insan peyvənd olunsun. Qarşıdan soyuq havalar gəlir. Nəzərə alaq ki, payız dövründə adətən infeksiyalar çoxalır.
Epidemoloji şərait daha da pisləşdiyi halda regional olaraq iki həftəlik qapanmalara gedə bilərik. Amma hələlik vəziyyət nəzarət altındadır. Klinikalarımızda kifayət qədər imkanlar var. Amma bu imkanlar da tükənməz deyil. Yoluxmalar daha iki həftə ərzində bu templə davam etsə yəqin ki, daha sərt karantin rejimlərindən danışmalı olacağıq”.ELÇİN






