İrəvan Bakı qarşısında geri çəkilir – Ermənistan üçtərəfli danışıqlara qayıtmağa məcbur oldu
"Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli danışıqlar Ermənistanın birtərəfli qaydada prosesdən imtinası nəticəsində dayanmışdı. İrəvanın yenidən danışıqlara qayıtması isə onu göstərir ki, Ermənistan prosesi davam etdirmək məcburiyyətindədir. Bu məcburiyyət müəyyən mənada Rusiyanın istəyi və təzyiqi, həmçinin Ermənistanın özü üçün arzuolunmaz vəziyyətin yaranması ilə bağlıdır. Nə vaxta qədər sərhəddə və Qarabağda erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutacaq?”
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyətini bərpa etməsinə münasibət bildirərkən, politoloq Natiq Miri deyib.
Politoloq bildirib ki, İrəvan yenidən danışıqlar prosesinə qayıdırsa, deməli daşı ətəyindən tökmək, Azərbaycanın şərtlərini qəbul etmək zorundadır:
"Çünki prosesin gərginliklə davam etməsi Qarabağda antiterror əməliyyatının keçirilməsi və sərhədlərin birtərəfli qaydada müəyyənləşməsinə doğru aparır. Hansı ki, bu variant İrəvan üçün məqbul deyil. Ermənistanın üçtərəfli danışıqlardan imtinası sərhədlərin müəyyənləşməsi prosesinə etirazı ilə bağlı idi. Onlar prosesə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müdaxiləsinə çalışırdı. Lakin Bakı bu tələbləri rədd etdi. Çünki ortada sərhədlərin müəyyənləşməsi məsələsində istinad üçün razılaşdırdıqları konkret coğrafi xəritələr var”.Rüfət SULTAN






