"Paşinyan bir az hərdəmxəyaldır, amma sözünün ağası olsa...” – Deputatdan açıqlama
Kateqoriya məlum deyil
"Paşinyan bir az hərdəmxəyaldır. Eyni məsələ ilə bağlı hər dəfə fərqli formada danışır".
Bu sözləri Sfera.az-a açıqlamasımda deputat Elman Məmmədov deyib. Deputat Ermənistanın dirçəlməsinin çıxış yollarının Azərbaycan və Türkiyə ilə qonşuluq əlaqələrinin qurulmasında olduğunu bildirib:
"Paşinyanın baş nazirliyi dövründə eyni məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirdiyi hamıya məlumdur. Lakin onun indi verdiyi bəyanat hakimiyyəti dövründəki ən ağıllı bəyanatlardan biridir. Çünki artıq erməni siyasi rəhbərliyi dərk edir ki, onların normal yaşaması üçün Azərbaycan və Türkiyə ilə sülh şəraitində olmaları gərəkdir. Buna görə də ilk növbədə sülh sazişi imzalanmalıdır. Ermənistan tərəfi buna hazır olmalıdır. Əgər Ermənistan baş naziri hazırkı durumdan düzgün nəticə çıxara bilsə, başa düşər ki, saziş mütləq imzalanmalıdır".Deputat Ermənistanın himayədar axtarmaqdan çəkinməli olduğunu deyib:
"Ermənistanın indi dünyaya çıxış, iqtisadi əlaqələr problemi var. Bunların hamısının həll olunması üçün mehriban qonşuluğun qurulması lazımdır. Bu günə qədər onlar düşmən şəraitində yaşayıb nəyə nail oldular ki? Təbii ki, heç nəyə. Paşinyan sözünün ağası olsa, vəziyyət dəyişəcək. Hərçənd ki, biz onun ağalığını görməmimişik, amma indiki situasiya bunu tələb edir. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistanla sülhün imzalanmasına razıdır. Lakin bunu problemə çevirən Ermənistandır. Ermənistan indiki məqamda sərsəm bəyanatlar verməkdən, kənardan himayədar axtarmaq çəkinməlidir. Çünki bunların heç biri onların işinə yaramayacaq".Əzizə Zeynal
Sfera.az





