"İndi boğulma və nəfəs darlığı müşahidə olunmur, sərt karantinə ehtiyac yoxdur" - İnfeksionistdən AÇIQLAMA
"Koronavirusa yoluxma sayının artması təhlükəli vəziyyətdən xəbər vermir".
Bu sözləri Sfera.az-a açıqlamasında ifeksionist İlham Bayramov deyib. Mütəxəssis sərt karantin rejiminə ehtiyac olmadığını bildirib:
"Payız ayında kəskin respiratorlu viruslara yoluxma sayı artır, bunu COVID-19-la bağlı məsələ hesab etmək olmaz. Əvvəlcədən yoluxma sayının artması ilə bağlı proqnoz vermək düzgün deyil. Artıq xəstəliyə qarşı peyvənd olunanların sayı günü-gündən artmaqdadır. Bu baxımdan yoluxma sayının artması təhlükəli hal deyil. Sırf bu rəqəmlərə görə karantin rejimin sərtləşdirilməsi insanlarda qorxu, fobiya yaradır".
Həkim koronavirusa yoluxan şəxslərdə boğulma və nəfəs çatışmazlığı kimi problemlərin əhəmiyyətli dərəcədə azaldığını qeyd edib:
"Bundan əlavə deyim ki, əvvəlki dövrdə koronavirusa yoluxan insanlar xəstəliyi daha ağır keçirirdi, boğulma hallarını daha çox müşahidə edirdik. Lakin indi vəziyyət dəyişib. Demək olar ki, virusa yoluxan şəxslərdə nəfəs çatışmazlığı, boğulma hallarını çox az müşahidə edirik. Ölüm halları isə yanaşı xəstəliklərin olması ilə bağlıdır. Belə olan halda yoluxma sayının çox olması vəziyyətin riskli olması anlamına gəlməz və sərt karantin tətbiq etmək mənasızdır".Əzizə Zeynal
Sfera.az





