Logo

Azərbaycan diasporu: Mövcud durum, uğurlar və perspektivlər

Azərbaycan diasporu: Mövcud durum, uğurlar və perspektivlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xalqın maraq və hüquqlarını xarici ölkələrdə müdafiə edən, milli mənafelərin beynəlxalq müdafiəçisi qismində çıxış edən diaspor təşkilatları hər bir dövlət üçün böyük önəm daşıyır. Güclü diasporun olmasının əsasında xaricdə yaşayan eyniköklü şəxslərin həmrəyliyi, diaspor quruculucuğunun təmərküzləşməsi dayanır.
Azərbaycanda da diaspor quruculuğu sahəsində dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli mənsubiyyətini qorumaq, Azərbaycanla əlaqələri genişləndirməkdən ibarətdir.
Maraqlıdır, hazırda diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi hansı mərhələdədir? Azərbaycan diasporunun mövcud durumunu qənaətbəxş saymaq olarmı?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Hikmət Babaoğlu diaspor təşkilatlarının beynəlxalq qanunlar çərçivəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmasını yüksək qiymətləndirib:
Azərbaycan diasporu: Mövcud durum, uğurlar və perspektivlər
"Azərbaycan öz tarixinin mühüm bir səhifəsini arxada qoydu. Bu dönəm bizim xalqıb  Zəfər tarixidir. Bu mərhələdə Azərbaycan xalqı milli gücünün bütün komponentlərini səfərbər etdi. Bu birlik, həmrəylik qələbəməzin əldə olunmasında mühüm rol oynadı. Bir xalqın diasporu,onun ölkədən kənar gücünün əsas təmsilçilərindən biridir. Eyni zamanda diaspor milli diplomatiyanın dəstəkləyici dayaqlarından hesab olunur. Bu mənada müharibədə Azərbaycan diasporu yüksək təşkilatçılıq nümayiş etdirməyi bacardı. Diaspor nümayəndələri yaşadıqları ölkənin qanunvericiliyi çərçivəsində yüksək etiraz, mitinq mədəniyyəti göstərdi, həqiqətləri olduğu kimi çatdırdı. Eyni zamanda diasporumuz kordinasiya edilmiş şəkildə dost və qardaş ölkələrin diaspor təşkilatları ilə sinxron hərəkət etməyi, Azərbaycanın maraqlarını dünyaya çatdırmağa müvəffəq olub. Bu, şübhəsiz ki, diasporun fəaliyyətini yüksək qiymətləndirməyə əsas verir".
Deputat bundan sonrakı mərhələdə diaspor təşkilatlarının üzərinə böyük iş düşdüyünü vurğulayıb:
"Son illərdə diasporumuzun təşkilatlanması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsinin də rolu böyükdür. Əslində diasporun fəaliyyətinin aktivləşməsini biz 44 günlük müharibədən əvvəl - Tovuz hadisələrində gördük. Hadisələrin başlaması ilə biz diasporun səsini eşitdik. Diasporun səsi həm də qlobal ictimai rəydə Azərbaycan həqiqətlərinin çatdırılması deməkdir. Düşünürəm ki, bundan sonrakı mərhələdə də diasporumuz mütəşəkkil şəkildə hərəkət etməyi bacarmalıdır. Çünki müharibə indi mədəniyyət, informasiya cəbhəsində gedir və bu məsələdə diaspor təşkilatlarının üzərinə böyük iş düşür".
H.Babaoğlu dünya azərbaycanlılarının həmrəyliyi məsələsindən danışarkən, qarşıdakı zaman ərzində də sıx əlaqələrin qurulmasının zərurliyini qeyd edib:
"Azərbaycan prezidenti bəyan edib ki, Azərbaycan təkcə Azərbaycanda yaşayan vətəndaşların yox, bütün dünya azərbaycanlılarının vətənidir. Düşünürəm ki, dünya azərbaycanlılarının həmrəyliyini motivasiya edən əsas ideoloji səbəblərdən biri də bu olmalıdır. Eyni zamanda biz bilirik ki, dünya azərbaycanlılarının vaxtaşırı qurultayları keçirilib. Bu isə xarici ölkələrdə yaşayan azərbaycanlıların vətənə gəlməsi, ölkəmizdə baş tutan hadisələrdən xəbərdar olması ilə bərabər, Azərbaycandan kənarda doğulmuş azərbaycanlıların övladlarının milli köklərinə, mədəniyyət və tariximizə sahib çıxması və öyrənməsi baxımından çox əhəmiyyətlidir. Bundan əlavə 31 dekabr tarixinin dünya azərbaycanlılarının həmrəyliyi günü kimi təsis olunması fonunda diplomatiya inistutları, qeyri-hökumət təşkilatları və Diaspor Komitəsi müxtəlif istiqamətlərdə işlər həyata keçirirlər. Bu gün biz dünya azərbaycanlıları arasında güclü əlaqə qurmağı bacarmışıq. Təbii olaraq bu qarşıdakı zaman ərzində də davam etdirilməlidir".
Deputat Müşfiq Cəfərov: "Diaspor müstəqil olsa da Azərbaycan dölətinin maraqları üçün kifayət qədər səy göstərir".
Azərbaycan diasporu: Mövcud durum, uğurlar və perspektivlər
Milli Məclisin deputatı Müşfiq Cəfərovun sözlərinə görə, Azərbaycan diaspor təşkilatlarının xarici diaspor təşkilatları ilə birgə fəaliyyəti Azərbaycanın maraqlarına xidmət edir:
"Xaricdə yaşayaraq bir araya gələn şəxslərin qurduğu diaspor təşkilatları beynəlxalq qanunlara və həmin ölkənin yerli qanunlarına uyğun olaraq fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, diaspor təşkilatları müstəqil qurumlardır. Buna baxmayaraq, həm 44 günlük müharibə dönəmində, həm də bundan öncə bizim üçün çox əhəmiyyət kəsb edən məsələlərdə diaspor təşkilatlarımız aktiv fəaliyyət göstərib. Məsələn, ABŞ-ın bir çox şəhərlərində, eyni zamanda Avropada erməni diaspor və lobbisinin azərbaycanlılara qarşı törətdiyi qərəzli hadisələrə qarşı birgə mövqe nümayiş etdirmək baxımından və İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması baxımından diasporumuzun Türkiyə və qardaş ölkələrin diasporları ilə doğru və düşünülmüş addım atdığının şahidi olduq.
Bundan sonra da diaspor təşkilatlarının birgə daha çox işləməsi Azərbaycanın milli maraqlarına xidmət edən hadisədir. Sadəcə olaraq ictimai düşünə üçün açıq olsun deyə demək istəyirəm ki, yaddan çıxarmamaq lazımdır ki, diaspor təşkilatlarına birbaşa müdaxilə etmək dövlətin hüquq səlahiyyətində deyil. Bu baxımdan xaricdə olan diaspor təşkilatları müstəqildir. Lakin buna rəğmən diaspor təşkilatları ölkənin maraqlarına xidmət etmək üçün əlllərindən gələni edirlər. Əslində diaspor fəaliyyəti çox çətindir, lakin biz bu sahədə kifayət qədər uğur əldə etmişik".
Deputat dünya azərbaycanlılarının həmrəyliyi məsələsinə də toxunub: "Dünya azərbaycanlılarının həmrəyliyinin ən mükəmməl nümunəsini biz 44 günlük müharibədə gördük. Yəni siyasi görüşündən, baxışından asılı olmayaraq hər kəs Qarabağın haqq səsinin dünyaya çatdırılmasında yumruq kimi birləşməyi bacardı. Demək ki, biz Azərbaycan dövlətinin milli maraqları ətrafında birləşməyi bacarırıq. Yetər ki, biz bu prosesi canlı tutub, bu istiqamətdə doğru-dürüst addımlar ata bilək".
"Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Azərbaycan diasporunun beynəlxalq platformada kifayət qədər aktivlik sərgilədiyini qeyd edib:
Azərbaycan diasporu: Mövcud durum, uğurlar və perspektivlər
"Vətən müharibəsində Azərbaycan diasporu effektiv, uğurlu fəaliyyəti ilə seçildi. Ermənistanın təcavüzkar siyasəti və Vətən müharibəsi birliyimizin güclənməsinə səbəb oldu. Xaricdə yaşayan soydaşlarımız bir bayraq ətrafında birləşməyi bacardı.
Xüsusilə, siyasi-ideoloji baxışından aslı olmayaraq hər kəs bir amal ətrafında birliyini nümayiş etdirirdi. Biz bunu sosial şəbəkələrdə də müşahidə edirdik. Hər kəs əlindən gələn dəstəyi göstərirdi.  Azərbaycan əleyhinə yönəlmiş antitəbliğatın qarşısının alınmasında xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, diaspor fəalları mümkün olan vasitələrlə uğurlu fəaliyyət ortaya qoyurdu. Xarici mətbuatda Azərbaycanın haqlı səsini müdafiə edən yazıları, xəbərləri  tez-tez görürdük.  Fəallarımız Qarabağda baş verənləri  siyasi dairələrin, xarici ölkələrin parlamentarilərinin diqqətinə çatdırırdılar. Görüşlər onlayn vasitəsilə keçirilsə də, uğurlu alınırdı. Hər bir görüş öz müsbət nəticəsini verirdi.
Əvvəllər və bu gün baş verənlər bizdən bunu tələb edirsə, yenə də eyni missiyanı davam etdirməliyik. Ümummilli fəaliyyətimizi dayandırmamalıyıq. Çünki düşmən çox məkrli və hiyləgədir. Beynəlxalq təşkilatlar xarici medianı çaşdırmağa çalışır. Xaricdə yaşayan soydaşlarımızın üzərinə daha çox məsuliyyət düşür. Diaspor fəaliyyəti  nə qədər çox könüllülük prinsipinə söykənirsə, eyni zamanda bu fəaliyyət  şərəfli, qürurlu fəaliyyətdir".
Ekspertin sözlərinə görə, diaspor fəaliyyəti nəticəsində erməniləri informasiya cəbbhəsində məğlub etmək mümkün oldu:
"Bir məsələni yaddan çıxarmamalıyıq ki, erməni diasporunun yaranma tarixi 150 ildən çoxdur. Üstəlik, erməni lobbisini dəstəkləyən qüvvələr yetərincədir. Erməni diasporunu güclü edən və ayaq üstə tutan səbəblər çoxdur. Bu barədə geniş danışmaq istəmirəm. Çünki cəmiyyətimiz bununla bağlı yetərincə məlumatlıdır. Azərbaycan diasporunun yaranma tarixi o qədər də uzaq deyil. Ancaq bütün bunların fonunda Azərbaycan diasporu, fəalları düşmən diasporu ilə mübarizədə ondan geri qalmadı. Bütün sivil vasitələrlə düşmənin antitəbliğatının qarşısını almağa çalışırdılar və buna nail oldular. Ermənilərin informasiya müharibəsində uduzduqları göz qarşısında idi.  Onlar soydaşlarımıza qarşı fiziki hücumlar təşkil edirdilər. Bu onların acizliyini və hansı duruma düşdüklərini göstərirdi".
E.Eltürk Vətən müharibəsinin milli birlik, həmrəylik üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb: "Biz xalq olaraq, tarixin çətin proseslərində birliyimizi təmin etməyi bacarırıq. Bu gün  tarixin şanlı, qüdrətli dövrünü yaşayırıq. Vətən müharibəsində qələbə qazanmağımız milli həmrəyliyimizin güclənməsinə səbəb olub. Bu birliyi qorumalı və gələcək nəsillərə ötürməliyik. Vətənimizin güclü olması dünyada yaşayan azərbaycanlıların birliyindən keçir. Bu gün daxili və xarici həmrəylimizə nail olmuşuq. Bu birliyi pozmağa çalışan qüvvələrə imkan verməməliyik".
Əzizə Zeynal
Sfera.az

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Azərbaycan diasporu: Mövcud durum, uğurlar və perspektivlər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR