“Polisə etibarın zəif olduğunu bilirəm, amma...” - Narkobizneslə necə mübarizə aparmalı?
"Son ilyarımdır, Azərbaycanda uyuşdurucu vasitələr, xüsusilə də metamfetamin törəmələrinin istifadəsi dəfələrlə artıb. Biz öz dəstəmizlə Sumqayıtı monitorinq edirik və ən azından orada dəfələrlə artdığını əminliklə deyə bilərəm”.
Sfera.az bildirir ki, bunu tanınmış həkim Vasif İsmayıl deyib. O bildirib ki, uyuşdurucu maddələr barədə təcili tədbir görmək zamanıdır:
"Bunu qısa və uzunmüddətli tədbirlər olaraq ikiyə bölmək olar. Uzunmüddətli tədbirlər böyük vəsait və ən əsası vaxt tələb edir. Vəziyyət isə cəld tərpənməyi tələb edir. Narkobaronlara əl çatdıracağımıza indilik inanmıram. Bir sistem işçisi ilə söhbətim zamanı mənə hər kəsin Daxili İşlər Nazirliyinin səhifəsində anonim olaraq bildikləri narkotik satıcılarını şikayət etməsini təklif etdi. Polisə etibarın zəif olduğunu bilirəm, camaat da yalandan kimi desən çuğullaya bilər. Amma indilik ən yaxşı çıxış yolu kimi bu görünür”.
Mütəxəssis qeyd edib ki, pandemiyada camaat ciddi maddi itkiyə məruz qaldı və əvvəl bu işə baş qoymayanlar da narkotik satıcılarına çevrildi, minlərlə uşağı buna bulaşdırdı: "Polisin problem bu miqyasa çıxdığı zamanda haqsız həbs etmək niyyəti güdəcəyinə inanmıram. Bu işin zarafatı yoxdur”.
V.İsmayıl eyni zamanda hər kəsi tanıdığı, şübhələndiyi narkotik satıcısını anonim olaraq DİN hesabına şikayət etməyə səsləyib.Günay Rəsulqızı






