Rusiyanın ABŞ və İran münasibətlərində hansı maraqları var? - "Bu, Putinə sərf edir..."
"ABŞ-nın İrana tətbiq etdiyi əsas sanksiyalar nüvə sazişinin bərpası mövzusunda razılıq əldə olunacağı təqdirdə avqust ayında ləğv edilə bilər".
Bu fikirləri Rusiyanın Vyana beynəlxalq təşkilatlarındakı daimi nümayəndəliyinin rəhbəri Mixail Ulyanov deyib.
O bildirib ki, nüvə sazişinin bərpası barədə razılıq əldə olunsa, bəlkə də avqust ayında ABŞ-ın əsas sanksiyaları ləğv edilsin.
Maraqlıdır, ABŞ tərəfindən sanksiyaların aradan qaldırılması və nüvə sazşinin bərpası real görünürümü? Rusiya tərəfinin belə bir açıqlama verməsi nədən irəli gəlir?
Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədli sözgedən sazişin imzalanmasının hələ iki ay əvvəldən planlaşdırıldığını deyib:
"ABŞ-ın İrana tətbiq etdiyi əsas sanksiyaların aradan qaldırılması nüvə sazişinin imzası fonunda gözləniləndir. Hələ iki ay əvvəl xəbərlər yayılmışdı ki, Tehran və Vaşinqton arasında gizli şəkildə yeni müqvilə ilə bağlı danışıqlar aparılır. Çox güman ki, ABŞ və İran arasında nüvə sazişi ilə bağlı razılıq əldə olunacaq. Bu isə Bayden və Putin arasındakı görüşdən sonra baş tutub. Rusiyaya ABŞ-İran münasibətlərində mülayimləşmə sərf etməsə də qarşılıqlı şəkildə anlaşmalar onu deməyə əsas verir ki, Vaşinqton Moskva və Tehranı neytrallaşdıraraq əsas hədəf kimi Çini görür. Bunu isə İran və Rusiyada çox yaxşı anlayırlar".
Ekspert İrandakı vəziyyətin də gərgin olduğunu və müqavilənin mütləq mənada gərəkdiyini vurğulayıb:
"İranda bugünkü vəziyyət onu tələb edir ki, qısa zaman kəsiyində nüvə sazişi imzalansın. Əks təqdirdə daxildəki vəziyyətin pisləşməsi və gərginlik daha pik həddə çatacaq. Bütün bunları nəzərə alaraq, Mixail Ulyanovun dediklərinin yeni olmadığını görürük. Belə ki, iki ay əvvəl İran və ABŞ ekspertləri bu fonda açıqlamalar vermişdi".Əzizə Zeynal
Sfera.az





