Avropa İttifaqı Ermənistana 1.5 milyard dollar ayırdı? – Politoloq Qərbin maraqlarını şərh edir
"Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə Ermənistana 1. 5 miyard dollar ayırması, bu ölkənin Rusiyanın təsir dairəsindən çıxmasına hesablanıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu vəsait Ermənistana anti-Rusiya isteriyasının davam etməsinə və bu ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İttifaqından çıxmasına zəmin yaradılması üçündür:
"Əgər Qarabağ klanı hakmiyyətə gəlsəydi, bu vəsait ayrılmayacaqdı. Bundan sonra Ermənistanda Avropa İttifaqı Rusiyanın nəzarətində olan müəssisələrin geri alınması siyasəti üçün Yerevana dəstək verəcək. Nikol Paşinyan orduda Rusiyaya yaxın generalları uzaqlaşdırır. Proses bütün sferalarda davam etməklə, iqtisadiyyatda da Moskvaya qarşı mövqe ortaya qoyulacaq”.
Politoloqun sözlərinə görə, Paşinyanın hakimiyyətini gücləndirməklə ölkəsində Rusiya hərbi bazasının bağlanmasını da tələb etməsi mümkündür: "Bir sözlə, Ermənistanda Rusiya üçün geri sayım başlayır. Rusiyanın Ermənistanda mövqelərinin zəifləməsi regionda ümumi təhlükəsizliyə xidmət edir. Bundan əlavə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması tezləşə bilər”.Qeyd edək ki, Avropa Birliyi (AB), 5 il ərzində Sünik bölgəsinin inkişafı da daxil olmaqla Ermənistana 1,5 milyard avrodan çox pul ayıracaq. Bu vəsait ölkə üzrə 5 layihəyə xərclənəcək. Sənəd iyulun 2-də Brüsseldə təqdim edilib və AB 2025-ci ilə qədər Şərq Tərəfdaşlığına üzv ölkələrdə həyata keçirmək istədiyi təşəbbüsləri açıqlayıb. Ermənistanla yanaşı Şərq Tərəfdaşlığında iştirak edən digər ölkələr - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna üçün də oxşar proqramlar müəyyənləşdirib.
Günay Rəsulqızı





