Rusiya hakimiyyətə gələcəyi təqdirdə Köçəryana Hadrutu söz verib? – “Buna şübhəm yoxdur”
"Hadrutun və Şuşanın Ermənistana qaytarılmasının mümkünlüyü haqda Robert Köçəriyanın dünənki sözləri təsadüfi deyil. "Bunu sülh yolu ilə edə bilərik" sözləri isə sifətimizə həyasızca gülməkdir”.
Sfera.az-ın məlumatına görə, bunu REAL partiyasının sədri İlqar Məmmədov deyib.
O bildirib ki, Paşinyanın devrilməsindən sonra kövrək rejimin möhkəmlənmək üçün kütləvi simpatiyaya əlavə ehtiyacı yaransa, onun Rusiyadakı bəzi imperialist çevrələrə aid himayədarları Rusiya ordusu gücünə Köçəryanı mükafatlandırmağa çalışacaq:
"Artıq bu mükafatın Hadrut olacağına dair Köçəryanın vəd aldığına şübhəm yoxdur. Onlar eyni vaxtda Bakıda da fəallaşacaq. Qələbəmizə indiyədək "antiRusiya" pafosu ilə kölgə salmağa çalışanlar həmin Köçəryan himayədarlarının bu işdə bir nömrəli yardımçısı olacaq. Çünki "haqlı" çıxmış görünəcəklər və Azərbaycan hakimiyyətinin başını daxildə qatmaqla Hadrut əməliyyatına şərait yaradacaqlar.
Unutmayaq ki, belə saxta anti-rusiyaçıları ayaqda saxlayan Azərbaycan hakim elitasının Moskvadakı bəzi imperialist dairələrə bağlı kəsimidir. O kəsim öz mövqelərini qaytarmağa çalışacaq. Bu zaman polis özbaşınalığına böyük ehtiyac yaranacaq. Çünki məhz bu yol ilə Azərbaycanın həm də Qərbdə mövqelərini daha da zəiflətmək lazım gələcək”.
Partiya sədri qeyd edib ki, Paşinyan hakimiyyətinin yıxılması Bakıda siyasi mübarizəni iyrənc ikiüzlü oyunlar bataqlığına darta bilər:"Siyasi dialoqun həqiqi məzmunu gücləndirilməsə, 1988-93-cü illərin dağıdıcı rəqabət formatına qayıdış çox mümkün görünür”.Günay






