Rusiyanın Ermənistanla bağlı “B” planı – “Köçəryanı inqilabla hakimiyyətə gətirmək...”
"Köçəryan küçədən, çevriliş yolu ilə hakimiyyətə gəlməyə çalışacaq”.
Sfera.az xəbər verir ki, bu sözləri Ermənistanda postseçki dövrü üçün gözlənilən ssenariləri analiz edərkən ReAL-ın icra katibi Natiq Cəfərli deyib.Onun fikrincə, hazırda Ermənistanla bağlı yayılan informasiyaları analiz edərkən seçkidən sonra bu ölkədə bir neçə mümkün ssenarinin işə düşəcəyini proqnozlaşdırmaq olar:
"Seçkilərədə heç bir siyasi partiya, və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığa bilmir. Koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin edilir.
İkinci ssenariyə görə, seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır. Bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır.
Seçkidən həmən sonra Köçəryan və dəstəsi küçələrə çıxır. Seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışır, Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlir”.
Həmsöhbətimiz düşünür ki, bu ssenari daha realdır: "Buna hazır olmalıyıq. Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi qətiləşdirib, istənilən halda bunu etmək istəyəcək. Məhz ona görə də seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik "möhürü”nü Moskvaya deyil, Qərbə vermək istəyir.
Hər bir halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək, həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində təxribatlar olacaq. Ciddi hazırlaşmalıyıq, ola bilər ki, sərhəddə və Xankəndi ətrafındakı mümkün təxribatlara ciddi cavab vermək məcburiyyəti yaransın”.
Rüfət SULTAN





