"İsgəndər-M" məsələsinə görə ABŞ da narahat olmalıdır" – BMTM sədri
Xəbər verdiyimiz kimi, Rusiya Müfadiə Nazirliyi ermənilər tərəfindən Azərbaycana ballistik raketlərin buraxılmasını müəyyən etmədiyini bildirib. Prezident İlham Əliyev isə cavabın bizim üçün qaneedici olmadığını qeyd edib.
Maraqlıdır, bundan sonrakı mərhələdə Azərbaycan hansı addımı atmalıdır? "İsgəndər-M" raketinin istifadəsinə görə beynəlxalq məhkəməyə müraciət etmək mümkün olacaq?
Mövzu ətrafında Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev məsələnin ikitərəfli müstəvidə həll olunacağını bildirib:
"Silahın ixracına nəzarət üzrə razılaşma var. Bu razılaşmaya əsasən Rusiya bu tip raketləri ixrac etməməli idi. Burda daha çox beynəlxalq razılaşmanın iştirakçıları hərəkət etməlidir, bizim də istəyimiz budur. Amma çox güman ki, bütün bu məsələlər ikitərəfli müstəvidə həll olunacaq. Çünki bundan ötrü xüsusi məhkəmə sistemi yoxdur. Prezident də dünən vurğuladı ki, strateji tərəfdaşlar bir-birlərinə qarşı belə addımlar atmamalıdır. Silahın ixracı ilə bağlı olan pozuntu isə daha çox ABŞ-ı narahat etməlidir".
BMTM sədri ermənilər tərəfindən ballistik raketlərin istifadəsinə təkcə Azərbaycanın yox, ABŞ kimi bir neçə ölkənin də qarşı çıxmalı olduğunu qeyd edib:
"Təəssüflər olsun ki, ermənilərlə bağı məsələyə gələndə Rusiya ikitərəfli standartlardan istifadə edir. Digər məslə də odur ki, Rusiya üçüncü tərəf kimi bizim ərazimizdə sülhməramlı adı ilə çıxış edir. Düzdür, biz bilirik ki, 200 ildir davam edən siyasət və qaydalar var. Lakin yenə də müəyyən geosiyasi reallıq var və bu nəzərə alınmalıdır. Bu baxımdan sülhməramlıların fəaliyyəti ilə bağlı qaranlıq məqamlar var və buna aydınlıq gətirilməlidir. Ballistik raketlərin istifadəsi məsələsinə gəldikdə isə dinc əhaliyə qarşı silahın istifadə olunması konvensiyaya ziddir. Lakin raket hərbi hədəflər üçün istifadə olunursa, bununla bağlı qadağa yoxdur. Beynəlxalq normalar var və buna görə təkcə Azərbaycan yox, ABŞ və digər güc dövlətləri də raketin istifadəsi məsələsinə nəzarət etməlidirlər".
Əzizə Zeynal
Sfera.az






