Bağçaların tabeçiliyi hansı qurumda olmalıdır? – Təhsil Nazirliyi yoxsa, BŞİH...
"Təhsil Nazirliyinin cəm halında "təhsil müəssisələri və bağçalar” açıqlaması ilk günlər normal olaraq da məntiqli qarşılandı. Yəni bağçalar, məktəbəqədər təhsil müəssisələri normal məntiqlə bütöv təhsil sisteminin bir tərkib hissəsidir”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O bildirib ki, təhsil naziri Emin Əmrullayevin bilərəkdən və ya bilməyərəkdən bu açıqlamanı verməsi yenidən dövlət bağçalarının tabelilik məsələsini gündəmə gətirib:
"Əgər nazirlik diqqəti cəlb etmək baxımından qabaqcadan hesablamaqla da bu açıqlamanı veribsə, düşünürəm ki, çox doğru addım atıb. Ümid edək, hökumətdə qərar qəbul edənlər bu sahədə daha effektiv və səmərəli idarəetmə prinsiplərini tətbiq edəcəklər. Bu gün isə, bağçaların tabe olduğu Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib ki, Bakı şəhərindəki dövlət məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti davam edir.
Yeri gəlmişkən, xatırlayıram ki , korrupsiyaya qarşı mübarizə ilə əlaqəli bir dövlət tədbirində Təhsil nazirliyi rəsmisi Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndəsinə təklif etdi ki, bağçalara elektron qəbul məsələsini həll etmək üçün nazirlikdə artıq hazır və aktiv olan "1-ci siniflərə və məktəbəhazırlığa” elektron qəbul informasiya sistemini BŞİH-ə təqdim edə bilər. Lakin sonradan məlum oldu ki, artıq mövcud olan, sadə bir dövlət informasiya sistemini yenidən hazırlamaq üçün Bakı şəhər İcra Hakimiyyəti "Eurodesign” şirkətinə 390 000 manat vəsait ayırıb”.
O.Gündüz qeyd edib ki, müqavilə müddəti çoxdan bitsə də, BŞİH hələ də bağçalara elektron qəbulu reallaşdıra bilməyib: "Güman ki, bunun səbəbini məntiqsiz idarəetməni məqbul hesab edənlər daha yaxşı bilər. Təəssüfləndirici bir haldır ki, belə bir vəziyyət uzun müddət davam edir”.Günay






