Logo

Rusiya Ukraynada müharibəyə başlayacaq? – “Hərbi təzyiqlər görüntü xarakterlidir...”

Rusiya Ukraynada müharibəyə başlayacaq? – “Hərbi təzyiqlər görüntü xarakterlidir...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son günlər Rusiya və Ukrayna arasında münasibətlər xüsusilə gərginləşib. Artıq gecə saatlarından etibarən Rusiya hava qüvvələrinə aid texnikalar Ukrayna sərhəddi istiqamətinə göndərilib. Bundan əlavə, Rusiya Donbass istiqamətinə zirehli texnika yığmağa başlayıb.

Maraqlıdır, gərginləşən münasibətlər fonunda nələr gözlənilir? Azərbaycanın bu gərginliyə münasibəti necə olmalıdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri Rusiya - Ukrayna münasibətlərinin kəskinləşməsini Rusiya ilə ABŞ arasındakı gərginliklə əlaqələndirib:

"Ukrayna və Rusiya arasında baş verən gərginlik ABŞ Rusiya münasibətləri konteksində baş verir. ABŞ-da Baydenin prezident seçilməsindən sonra Rusiyaya münasibət tamamilə dəyişib. Bayden ABŞ-ın Tramp dönəmində qlobal səviyyədə zərbə dəyən imicini yenidən bərpa etmək, "dünya hegemonu" adını təkrar ABŞ-a qaytarmaq istəyir. Bu konteksdə ABŞ-a əngəl olan iki dünya gücü var ki, bunlardan birincisi Çindirsə, ikincisi də Rusiyadır. Ayrıca olaraq Rusiya bildiyiniz kimi Tramp dönəmində ABŞ-da prezident seçkilərinə ciddi müdaxilə etmişdi. Bu yöndə Rusiya ABŞ demokratları tərəfindən davamlı olaraq ittiham olunub. Buna görə də düşünürəm ki, Rusiyaya təzyiq vasitəsi olaraq ABŞ son zamanlar münasibətləri gərgin müstəviyə daşımaqda maraqlı görünür".

N.Miri Ukrayna sərhədinə Rusiya tərəfindən qoşun yığılmasını ABŞ-a təzyiq kimi qiymətləndirib: "Rusiya Ukrayna sərhədinə qoşun yığmaqla, dolaysıyla ABŞ-a təzyiq etməyə çalışır. Biz Rusiyanın bu siyasətini təkcə Ukraynada yox, Suriyada da müşahidə edirik. Belə ki, Rusiyanım dəstəklədiyi Əsəd rejimi son zamanlar mülki şəxsləri, xəstəxanaları bombalamağa başlayıb. Bu faktın özü də ABŞ-a bir növ güc nümayişidir ki, ABŞ Rusiyaya olan təzyiqləri dayandırsın. Bu Rusiyanın siyasətir ki, hərbi böhran yaratsın və nəticədə geosiyasi maraqlarını təmin etsin".

Müsahibimizin sözlərinə görə Rusiyanın Ukraynaya qarşı etdikləri siyasi oyundur və sadəcə görüntü xarakteri daşıyır: "Rusiyanın Ukraynaya dövlət səviyyəsində hərbi müdaxilə edəcəyini düşünmürəm. Çünki bunun nəticələri Rusiya üçün çox ağır ola bilər. Sadəcə, Rusiya hərbi təzyiqləri görüntü xarakterli edir ki, geosiyasi istəklərinə nail olsun".

Politoloq Azərbaycanın mövcud gərginliyə Türkiyə kimi münasibət bildirməli olduğunu da vurğulayıb: "Rusiya ilə münasibətlərdən asılı olmayaraq Azərbaycan Ukraynanın ərazi bütövlüyün hər zaman dəstəkləməlidir. Çünki Azərbaycan da əvvəllər mövcud problemlə qarşı-qarşıya qalıb. Ukrayna isə öz növbəsində beynəlxalq təşkilatlarda Azərbaycanı müdafiə edib. Azərbaycan da bu səbəbdən ərazi bütövlüyü məsələsində Ukraynadan yana olmalı, qardaş Türkiyə kimi münasibət göstərməlidir".

Sfera.az

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR