Logo

Ermənilər hansı ölkələri özlərinə dost sayır? – Açıqlanan sorğu nəticələri və seçkilər

Ermənilər hansı ölkələri özlərinə dost sayır? – Açıqlanan sorğu nəticələri və seçkilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"GALLUP International Association” mərkəzinin  haylara verdiyi "Ermənistan hansı ölkə və qurumlarla müttəfiqliyi gücləndirməlidir?” sualına respondetlərin cavabları çox maraqlıdır və burada həm Minsk qrupu həmsədrlərinin indiyə qədər yeritdikləri siyasət, həm də ikinci Qarabağ savaşının izi özünü açıq-aydın göstərir.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. O bildirib ki,  sorğuya əsasən, respondetlərin 62.9%-i Rusiya, 16.4%-i ABŞ, 6.4%-i isə Fransayla  müttəfiqliyi gücləndirməyin tərəfdarıdırlar və yenə də Minsk qrupuna həmsədrlik edənləri özlərinin əsas havadarı sayırlar:

"Qurumlara gəldikdə, onların  5.2%-i Avropa Birliyinə, 0.7%-i  NATO –ya üstünlük verirlər.  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını müttəfiq gözündə görənlər isə cəmisi  0.2%-dir. Görünür, bu qurum Vətən Müharibəsində onların gözləntilərini doğrultmayıb, özbəklər, qazaxlar, qırğızlar, belaruslar, taciklər  "məğlubedilməz hay ordusu” adı altında gəlib yerlərinə vuruşmayıblar. Digərləri isə birinci Qarabağ savaşındakı qədər açıq və effektli dəstək göstərməyib, yaxud da göstərə bilməyib”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu sözügedən sorğu ilə bağlı qeyd edib ki, Mərkəzin keçirdiyi sorğunun nəticəsinə görə, Ermənistanda parlament seçkisi bu həftə keçirilərsə, baş nazir Nikol Paşinyanın "Mənim addımın” partiyası seçicilərin 31 faiz səsini qazanacaq:

"Ötən ay da eyni nəticə qeydə alınmışdı. Paşinyanın partiyasının müharibədə ağır məğlubiyyətdən sonra reytinqi azalsa da, o rəqiblərini yenə də dəfələrlə üstələyir. O biri qrupların sıralamasına nəzər yetirək:  Eks-prezidenti Robert Köçəryan – 5.9%, "Çiçəklənən Ermənistan” – 4.4 %, "Respublika Partiyası” – 2.4%, "Daşnaksütun Partiyası” – 2.1%, Vazgen Manukyanın lideri olduğu "Vətən Xilas Hərəkatı” – 1%, digərləri isə sıfırın altındadırlar. Bu nəticə o deməkdir ki, Nikol Paşinyanın partiyası iyundan sonra Ermənistan parlamentində yenidən çoxluğa malik olacaq. Sadəcə əsas sual budur: "Paşinyanın əldə edəcəyi səslər ona təkbaşına hökuməti formalaşdırmağa imkan verəcəkmi?”.  Bütün hallarda Nikol Paşinyan yeni hökumətin də əsas ortağı olacaq”.

Politoloqun sözlərinə görə, sorğu bir başqa rəqəmi də ortaya qoyub: "Ermənistan vətəndaşlarının cəmi 41.2 faizi 20 iyun parlament seçkisindən iştirak edəcəklərini bildiriblər. Paşinyan iyuna qədər daha çox tərəfdarını seçkiyə həvəsləndirməlidir.

"GALLUP International Association” beynəlxalq mərkəzinin İrəvan ofisi "Ermənistan hansı ölkə və qurumlarla müttəfiqliyi gücləndirməlidir” sualına da cavab axtarıb. Rusiya mütləq liderdir. Ermənilərin 62.9 faizi Ermənistanın Rusiya ilə müttəfiqliyi gücləndirməyi lazım biliblər. Bu nəticə ondan xəbər verir ki, ermənilərin mütləq əksəriyyəti Rusiyanın vassallığını qəbul edir. Ermənistanla əlaqələrə önəm verən Tehranda görsünlər ki, sorğunun nəticələrinə görə ermənilər Amerika ilə əlaqələri İranla əlaqələrdən daha üstün tuturlar. Gürcüstanla bağlı rəqəm də Tiflis üçün düşündürücü olmalıdır”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR