Logo

Deputatdan Qarabağ müharibəsi ilə bağlı Oskar alacaq film təklifi – Tanınmış kinorejissor nə düşünür?

Deputatdan Qarabağ müharibəsi ilə bağlı Oskar alacaq film təklifi – Tanınmış kinorejissor nə düşünür?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mədəniyyət Nazirliyi təcili olaraq Prezidentlə məsləhətləşsin və Hollivud qarışıq, dünya film istehsalı nəhənglərinə film çəkilişləri üçün dəvət göndərsin”.

Bunu ötən günlərdə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat təklif edib ki, Qarabağla bağlı zombi, qorxu, müharibə, etnik təmizləmə, apokalipsis və digər mövzularda Oskar mükafatı alacaq filmlər çəkmək olar".

Kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) isə Sfera.az-a açıqlamasında bildirib ki,  müharibənin arxa faciələrini, insan talelərini ekrana gətirmək çox çətindir:

"Müharibə hələ təzə bitib. İnsanların ağrıları, acıları dərk etməsi üçün müəyyən zaman lazımdır. Müharibənin görünən tərəfi var. Lakin onun ən böyük faciəsi arxa cəbhədir. Şükürlər olsun, Azərbaycan qalib gəldi, üstümüzdən o ləkə götürüldü. Bu məsələni əvvəlcə mənəvi-psixoloji baxımdan anlamağa, o cümlədən müharibənin analizinə ehtiyacımız var. Digər tərəfdən dünyadan imtina etmək lazımdır, o, heç bir şey etməyəcək.

Kino ədəbi material üstündə qurulur. Ədəbi material isə tariximizə, milli-mənəvi dəyərlərimizə istinadən işlənilməlidir. Bu mənada təklif etmişdim ki, tələsməsinlər. Mirzə Ələkbər Sabir demişkən "Çırmanırıq keçməyə, çay gəlməmiş”. Zaman nehrə kimi çalxalandıqca, ələndikcə yağ yağ üstə çıxır, ayran ayranlıq olur”.

Kinorejissor qeyd edib ki, kino ölkənin ən böyük stratejik, ideoloji təbliğat silahıdır: "Bu sahə müstəqil idarə olunmalıdır. Bir neçə istiqamət üzrə ədəbi material sifariş verilməlidir – müharibənin görünən, görünməyən tərəfləri, hazırkı silahlı müdaxilələr, bunun arxasında dayanan maraqlı qüvvələr – bir neçə ssenari işlənilməlidir. Həm də bunlar çox ciddi , heç kəsin müdaxiləsi olmadan edilməlidir. Ssenarilər ümumxalq müzakirəsinə təqdim edilməli və seçilməlidir. Əgər məsələyə bu cür yanaşacağıqsa, film çəkilə bilər. İlk növbədə kinonu təcili surətdə Mədəniyyət nazirliyindən ayırmaq lazımdır. İkincisi, ssenarilər, ədəbi materiallar üçün konkurs elan olunmalıdır. Seçiləndən sonra danışmağa dəyər”.

Müsahibimizin sözlərinə görə, qeyd edilən məsələlər kompleks şəkildə öz həllini tapmalıdır: "Əgər istəyiriksə müqəddəs bayrağımızı, qələbəmizi bütün dünyada böyük tarix edək, o zaman buna ciddi yanaşmaq lazımdır. Bəzi adamlar kompüter qəhrəmanı, televiziya rejissoru olublar. Guya bunlar xarici seriallara baxıb Azərbaycana köçürürlər. Baxırsan ki, bizim ölkəyə heç bir aidiyyatı yoxdur. Belə bir şey ediləcəksə, onda bu mövzunu qatlayıb gələcək  nəsillərə saxlayaq. Tələsik, şapalaqla üz qızartmayaq”.

Günay Rəsulqızı
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR