“Prezidentin məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirir”
Kateqoriya məlum deyil
"Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Qurultayda Partiyamızın sədri, Prezidentimiz möhtərəm İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi eyni zamanda bütün partiya üzvləri üçün yeni məsuliyyətlər və vəzifələr müəyyənləşdirdi. Partiya Sədrimiz 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərimizin çağdaş Azərbaycan tarixinin yeni səhifələri olduğunu xüsusi vurğuladı”.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Məlahət İbrahimqızı bildirib.
Millət vəkili deyib ki, Prezident İlham Əliyev son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb: "Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən dövr ərzində də Azərbaycan və regionun həyatında mühüm dəyişikliklər baş verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyü bərpa olunub”.





