Bakıdakı “meyhanə”lər əxlaqsızlıq yuvasına çevrilib – “Bu milli dəyərlərə atılan daşdır”
Hazırda paytaxt ərazisində "meyhane" adı altında bir sıra əyləncə məkanları, kafelər mövcuddur. Türkiyədə geniş yayılan və son zamanlar ölkəmizə də ayaq açmış belə məkanlarda əsasən qədim türk mahnıları səsləndirilir, içki içilir.
Lakin Bakıda fəaliyyət göstərən əksər "meyhanelər" təəssüf ki, ənənəvi məcrasından çıxaraq milli dəyərlərə zidd bir ortam formalaşdırır. Məhz belə məkanların fəaliyyətinin nəticəsidir ki, gənclər arasında əxlaq normalarına zidd davranışların, hətta intihara qədər gedəcək qeyri-iradi hadisələrin şahidi oluruq.
Maraqlıdır, çıxış yolu nədədir? Gəncləri belə məkanlardan necə uzaq tuta bilərik?
Mövzu ilə bağlı Sfera.az-a danışan xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov "meyhane" adı altında fəaliyyət göstərən bəzi məkanları "əxlaqsızlıq yuvası" adlandıraraq bəzi təşkilatlara çağırış edib:
"İndi müəyyən qüvvələr, "Beşinci kolon” adlanan dairələr planlı şəkildə adət-ənənələrimizi, milli dəyərlərimizi məhv etmək niyyətindədir. Xalqın zərif, incə dəyərləri, flokloru əxlaqsızlıq yuvası olan o məkanlarda məhv olur. Bu qüvvələrlə məşğul ola biləcək strurkturlar, təşkilatlar var. Onlar haradadır? Niyə öz işləri ilə məşğul olmurlar?
Folklor sənəti Azərbaycanın tarixidir, bu sənətin min illik tarixi var. Amma indi "meyhane" adı altında fəaliyyət göstərən klublarda folklor anlayışımız məhv olub gedir. Bu cür obyektləri açan şəxslər bütün xalqa, dövlətə qarşı cinayət törətmiş olur".
Ş.Əbdül milli dəyərlərə zidd adlandırdığı məkanların açılmasında xarici dairələrin də xüsusi marağının olduğunu qeyd edib. Müsahibimiz bununla bərabər günahkarların sərt şəkildə cəzalandırılmasını təklif edib:
"Hazırda xarici qüvvələr öz murdar əməllərini həyata keçirməyə çalışırlar. Milli dəyərlərə atılan daş birbaşa dövlətə atılan daşdır.
Dəfələrlə demişəm ki, edam bərpa olunsun. Qarpız, telefon oğurlayanlar üçün deməmişəm bunu. Edam məhz xalqın dəyərlərini məhv edənlər üçün nəzərdə tutulmalıdır. Mən xalqı, dövləti, KİV-i ayıq-sayıq, belə məkanlara qarşı diqqətli olmağa, mübarizəyə çağırıram".Sfera.az
İnci





