“Bu, gedən qatarın arxasınca daş atmağa bənzəyir” – Deputatdan açıqlama
"Qondarma rejimin bu təxribatı Bakı-Moskva münasibətlərini gərginləşdirməyə yönəlib”.
Bu sözləri Sfera.az-a açıqlamasında qondarma Dağlıq Qarabağ rejiminin rus dilini rəsmi dil elan etməsinə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat qeyd etdi ki, burada yaşayan ermənilər əksinə, Azərbaycan vətəndaşı olaraq Azərbaycan dilini bilməlidir:
"Bütün dünya, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dövlətimizin birmənalı mövqeyi ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq bu ölkənin pasportunu daşımalı və Azərbaycan dilini bilməlidirlər. Azərbaycan vətəndaşı deyillərsə, onların həmin ərazilərdə nə işləri var?”
Həmsöhbətimizin fikrincə, belə hərəkətlər təxribata xidmət edən addımdır: "Gərginlik ocağını saxlamağa, onun sönməsinə imkan verməməyə hesablanıb. Çalışırlar ki, erməni ictimai fikrində özlərinin kompromissiz, güzəştə getməyən siyasətçi obrazını yaratsınlar”.
Deputatın fikrincə ermənilər süni şəkildə Azərbaycanla Rusiya arasında gərginlik elementləri yaratmağa çalışırlar: "44 gün ərzində işğaldakı ərazilərimizi azad edə bildiksə, bu kimi təxribatçı addımları da aradan qaldıracağıq. Azərbaycan öz işini görür. Qondarma rejimin bu tip addımları isə gedən qatarın arxasınca daş atmağa bənzəyir ”.
ElçinSfera.az






