Yaxın 5 ildə hansı irəliləyişlər olacaq? - “Qoca qitə”nin ümidinə çevrilən Cənub Qaz Dəhlizi
Sfera.az bildirir ki, Cənub Qaz Dəhlizi özlüyündə 3 hissədən ibarətdir. Dəhlizin başlanğıcı Cənub Qafqaz qaz boru kəmərindən ibarətdir. Bu kəmər Bakıdan Türkiyə sərhəddinə qədər olan hissəni təşkil edir. Dəhlizin ikinci hissəsi Türkiyə sərhəddindən Yunanıstan sərhəddinə qədər uzanan boru xəttindən ibarətdir. Bu boru xətti TANAP adlanır. Üçüncü hissə Yunanıstanla Türkiyə sərhəddindən İtaliyaya qədər uzanan kəmərdir. TAP adlanan sonuncu hissə Yunanıstan, Albaniya və İtaliyadan keçir.
Bakı-Tbilisi-Ərzurum kəməri əvvəllər mövcud olub və sonralar ötürücülük qabiliyyəti artırılıb. TANAP 2018-ci ildən istifadəyə verilib və Azərbaycan qazını Türkiyənin şərq, mərkəz və qərb hissəsinə çatdırır. 2020-ci ilin oktyabrından isə TAP-ın istifadəyə verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin inşaası tamamlanıb. 2020-ci ilin dekabrın 31-də Avropaya qaz nəqlinə başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə hələlik davamlı olaraq 3 ölkə qaz alır. Gürcüstana tranzit ölkə kimi ildə 500 milyon kub metr, əsas idxalçı ölkə kimi Türkiyəyə ildə 6 milyard (sonradan bu həcm 16 milyard kub metrə qədər artırılacaq) qaz verilir. Həmçinin Yunanıstan, Albaniya və İtaliyaya ümumilikdə 10 milyard kub metr qaz ötürüləcək. Hazırda 5 ölkə qaz alsa da, yaxın gələcəkdə daha 2 ölkə - Bolqarıstan və Şimali Makedoniyaya da qaz idxal edəcək.
Dəhlizin uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir.
Layihənin əsas üstünlüklərindən biri onun Xəzər dənizindən başlanğıc götürməsidir.
Hazırda Avropaya satılan qaz "Şahdəniz” yatağından hasil edilən qazdır. Amma Xəzər dənizində Azərbaycanın istifadəsində olan başqa məhsuldar yataqlar da var. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan "Babək” yatağı, 350 milyard kubmetr ehtiyatı olan "Abşeron” qaz-kondensat yatağı, 200 milyard kubmetr qaz ehtiyatına malik olan "Ümid” yatağı böyük respektiv vəd edir.
"Abşeron” qaz-kondensat yatağında 2022-ci ildən hasilata başlanılacaq. Yaxın 5 ildə adıçəkilən bütün yataqlarda hasilat mümkün olacaq. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və növbəti illərdə yeni kəşflərin olacağına dair ümidlər böyükdür.
Texniki baxımdan Cənub Qaz Dəhlizi daha böyük həcmdə qaz ixracına imkan verir. Kəmərlərin ötürücülük qabilyyətini 2 dəfə artırmaq olar. Adıçəkilən yataqlarda qaz hasilatının aktiv mərhələyə keçməsindən sonra Avropa Azərbaycandan ildə 20 milyard kub metr qaz ala biləcək.
Cənub Qaz Dəhlizi layihəsi beynəlxalq əməkdaşlığın nəticəsində reallaşdırılan layihədir. Bu əməkdaşlığı Azərbaycan təmin edə bildi və 10 il ərzində böyük perspektiv vəd edən gözəl bir layihə yarandı. Gələcəkdə Avropanın daha çox ölkəsinin layihədən yararlanması gözlənilir ki, bu da "Qoca qitə”nin enerji təhlükəsizliyinə böyük töhfə olmaqla yanaşı Xəzər regionunun əhəmiyyətini daha da artıracaq.
Vasif
Sfera.az






